Bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə deputat Vahid Əhmədovun məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılacağı gözlənir.
Bu barədə qərar aprelin 25-də Milli Məclisin iclasında qəbul edilib.
Vahid Əhmədov aprelin 16-da verdiyi müsahibədə bəzi deputatların bizneslə məşğul olmaları, onların düzgün seçilib-seçilməmələri və başqa məsələlərlə bağlı fikirlərini dilə gətirmişdi. Bu isə parlamentin bir çox üzvünün narazılığına səbəb olub, onlar iclasda Mehman Hüseynova müsahibə verməyin doğru olmadığını iddia ediblər.
Hələlik, Əhmədovun özündən bu məsələyə ayrılıqda münasibət almaq mümkün olmayıb. Amma deputat iclasda məsələ ilə bağlı bütün suallara cavab verməyə hazır olduğunu bildirib.
Baş nazirin keçmiş birinci müavini olan 76-yaşlı Vahid Əhmədov 2005-ci ildən ardıcıl olaraq Azərbaycan parlamentində təmsil olunur. O, Milli Məclisdə bir çox tənqidi çıxışları ilə diqqət çəkib. Əhmədov 1990-1995-ci illərdə də Azərbaycan parlamentində yer alıb.