Vahid Əhmədova töhmət verildiyi bildirilir

V.Əhmədov

Milli Məclisin İntizam komissiyasının aprelin 28-də keçirilən iclasında deputat Vahid Əhmədova töhmət verildiyi bildirilir.

Bu barədə "Turan" xəbər verib. Agentliyin məlumatına görə, iclasa V.Əhmədovun özü də dəvət olunub.

Amma, hələlik, qərarın detallarını və ona V.Əhmədovun münasibətini öyrənmək mümkün olmayıb.

Üç gün əvvəl, aprelin 25-də Milli Məclisin plenar iclasında bəzi deputatlar öz həmkarı V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə kəskin tənqid etmişdilər. Həmin iclasda V.Əhmədovun məsələsinə İntizam komissiyasında baxılması üçün qərar verilmişdi. V.Əhmədovun özü bildirmişdi ki, həmişə dövlət maraqlarını müdafiə edib və bütün suallara cavab verməyə hazırdır.

V.Əhmədov bloqerə müsahibəsində bəzi deputatların bizneslə məşğul olmaları, onların düzgün seçilib-seçilməmələri, parlament seçkiləri olarsa, Milli Məclisdə müxalif qüvvələrdən Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının da mümkün təmsilçiliyi və başqa məsələlərlə bağlı fikirlərini dilə gətirmişdi.

Buna da bax: 'Hətta deputatın fikrini sərbəst ifadə etmək hüququ məhdudlaşdırılıb'