V.Əhmədov: 'Bir az gecikdik'

V.Əhmədov

«Əgər qeyri-neft sektorunun inkişafına 10 il öncə başlasaydıq, indi tamam başqa nəticələr olardı. Məsələ budur ki, bu işə bir qədər gec başladıq. Odur ki, istədiyimiz nəticələr hələlik əldə edilməyib».

Bunu deputat Vahid Əhmədov ölkədə iqtisadi durumu dəyərləndirərkən deyib.

O hesab edir ki, iqtisadiyyatın real inkişafına pul vəsaitləri lazımdır. Bu mənada nağdlaşdırmaya limiti müvəqqəti tədbir sayır:

«Müəyyən qısa müddət üçün belə tədbirlər hansısa effekti verə bilər. Amma uzunmüddətli perspektiv üçün belə bir yanaşma doğru deyil. Odur ki, bu nağdlaşdırma limiti artırılmalıdır . Mən ümid edirəm ki, bu olacaq. Çünki iqtisadiyyat pul vəsaitləri olmadan inkişaf edə bilməz».

Deputat hesab edir ki, indiki halda aqrar, tikinti sahəsinin inkişafına diqqət yetirilməlidir. O düşünür ki, bu sahələr daha tez gəlir gətirir.

Bu il Azərbaycanda «Nağdsız hesablaşmalar haqqında» Qanunun qəbul olunub. Bu qanuna görə, 200 min manatdan artıq dövriyyəyə malik vergi ödəyiciləri ay ərzində 30 min manatdan, digər vergi ödəyiciləri isə 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidirlər.