Vakant vəzifələrə işçi qəbulu vaxtı uzadılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Dövlət Sosial Müdafiə Fondu Bakı şəhərində struktur bölmələrindəki vakant vəzifələrə işçi qəbulu üçün elan etdiyi müsabiqənin müddətini iyulun 9-u, saat 24:00-dək uzadır.

Fondun mətbuat xidmətindən bildirilib ki, test imtahanı iyulun 31-də keçiriləcək. Fond bunu namizədlərin çoxsaylı müraciətləri ilə izah edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Fondun Bakıdakı struktur bölmələrində aşağıdakı istiqamətlər üzrə işçilər tələb olunduğu açıqlanıb: pensiya, sosial müavinətlər, təqaüdlər, ünvanlı dövlət sosial yardımı, sosial sığorta, maliyyə və mühasibatlıq, vətəndaşların yazılı müraciətlərinin araşdırılması.

İşə qəbul prosesi test imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə keçirilməlidir.

Dövlət Sosial Müdafiə Fondu vakant vəzifələrə işçi qəbulu üçün müsabiqə elan etdiyini iyunun 3-də açıqlamışdı. Amma onda müsabiqənin konkret müddəti göstərilmirdi.

Rəsmi məlumatlara görə, Azərbaycanda işsizlik səviyyəsi cəmi 7 faizdən çoxdur. Hərçənd, müstəqil ekspertlər bu rəqəmə şübhə edir, işsizlərin sayının bundan bir neçə dəfə çox olduğunu düşünürlər.