Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq. Bunu iyunun 5-də Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
AMB sədrinin sözlərinə görə, kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur.
Azərbaycanda 2016-cı ilə qədər valyuta mübadiləsi məntəqələri geniş fəaliyyət göstərirdi. 2015-ci ildə ölkədə dalbadal iki devalvasiya baş verdi və manat iki dəfədən çox dəyər itirdi. Onların fəaliyyətinə 2016-cı ilin əvvəlində son qoyuldu, lisenziyalar ləğv olundu. Bu addımların "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"na əsasən atıldığı bildirildi. Həmin qaydaya əsasən, mübadilə şöbəsi bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində yaradılır. Hazırda valyutanı yalnız banklarda dəyişmək və ya almaq mümkündür.
"Böyük oyunlar gedirdi"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a deyib ki, 2015-2016-cı illərdə valyutadəyişmə məntəqələri sistemində çox böyük oyunlar gedirdi: "Həmin oyunlar bizim maliyyə sistemimizə ciddi ziyan vururdu. Buna görə də onların bağlanması ilə bağlı qərar qəbul edilib. Artıq iki dəfə devalvasiya olub və qorxu var idi ki, belə düzgün olmayan, nəzarətsiz valyuta satışı manatın dollara münasibətdə valyuta paritetinə mənfi təsir edə bilər".
Deputatın fikrincə, regionlarda bankların filialları və onların yanında valyutadəyişmə məntəqələri açılmalıdır: "Bu, artıq qaçılmaz ehtiyacdır, çünki ölkədə turizmin inkişafı ilə bağlı proqramlar var. İkincisi isə, ölkəmizin iqtisadi və maliyyə gücünə baxsaq, görərik ki, o artır. Onunla birlikdə valyuta ilə bağlı olan maliyyə dövriyyəsi də artır. Bundan əlavə, valyuta satışından hasil olan pul üzrə uzun illərdir müsbət saldomuz var. Bütün bunlar ona gətirib çıxarır ki, bazarı valyutadəyişmə məntəqələri ilə doyuzdurmaq lazımdır".
Buna da bax: Azərbaycanda əhali ötən il nə qədər dollar alıb-satıb?Valyutadəyişmə məntəqələrində valyuta kursuna gəlincə isə, deputat deyib ki, bunu dövlət, Mərkəzi Bank təyin etməlidir: "Bununla belə, valyutadəyişmə məntəqələri qazanc əldə etsinlər deyə, dəhlizlər yaratmaq lazımdır, amma onların valyuta məzənnələrini çökdürməsinə imkan verilməməlidir".
"İnhisarlaşma prosesi gedirdi"
İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna açıqlamasında həmin məntəqələrin ləğv edildiyi 2016-cı ili belə xatırlayıb: "Məqsəd, guya, o idi ki, xaricə gedən valyuta axınının qabağını alsınlar. Əslində isə inhisarlaşma prosesi gedirdi".
O deyib ki, yeni açılacaq valyutadəyişmə məntəqələrinin banklardan asılı olub-olmayacağı məsələsi bir çox suallara aydınlıq gətirəcək: "Əgər banklar bu valyutadəyişmə məntəqələrini yenidən inhisarda saxlayacaqsa və valyuta mübadiləsi üçün lisenziyalar yalnız banklara veriləcəksə, bu, əlverişli olmayacaq".
İqtisadçının sözlərinə görə, mübadilə məntəqələri valyuta kursunu tələb-təklif əsasında müəyyən etməlidir: "Bizdə belə olmağın şansı, demək olar ki, yoxdur. Azərbaycanda valyuta kursu inzibati üsullarla təyin edildiyinə görə bunun heç bir əhəmiyyəti yoxdur, çünki valyuta mübadiləsi üçün 4 faizlik marja var. Yəni, banklar Mərkəzi Bank tərəfindən müəyyən edilən valyuta kursundan 4 faiz aşağı və ya yuxarı sata bilməz. Bu da inhisarçılığın əlamətidir".