Rusiyalı milyarder Qarabağa köçür

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev (sağda) və Ruben Vardanyan, 2009-cu il

Erməni əsilli rusiyalı milyarder Rusiya vətəndaşlığından imtina edərək Azərbaycanın Qarabağ regionuna köçmək qərarı verib.

Ruben Vardanyan deyib ki, bu qərara üzləşə biləcəyi bütün riskləri anlayaraq gəlib.

“Bu, çətin, ancaq düzgün qərar idi”, – Vardanyan sentyabrın 1-də video bəyanatında deyib.

Aktivlərini ailə fonduna köçürəcək

Vardanyan deyib ki, 2020-ci il Azərbaycanla Ermənistanın 2-ci Qarabağ müharibəsindən sonra “Artsaxda (ermənilər Qarabağa belə deyirlər) bir çoxları özlərini atılmış hiss etməyə başlayıblar”.

Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

“İnanıram ki, 2020-ci il müharibəsindən sonra bütün dünyanın erməniləri Artsaxla (Qarabağla) birlikdə olmalıdır”, – deyən Vardanyan əlavə edib ki, Qarabağda məskunlaşandan sonra Rusiyadakı bütün aktivlərini ailə fonduna köçürəcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qaladərəsindəki erməni sakini yeni yolun rahat və sərfəli olduğunu deyir

Qarabağda son baş verənlər

Bu açıqlamadan bir həftə öncə Azərbaycan Qarabağı Ermənistanla birləşdirən Laçın şəhərinə nəzarəti ələ alıb. 2020-ci il müharibəsi Moskvanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatı ilə dayandırılandan sonra Laçın dəhlizinə və Qarabağda erməniləri yaşayan ərazilərə Rusiya hərbçiləri yerləşdirilib.

Hərbi əməliyyatlar bitəndən sonra atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib və bir-birini atəşkəs pozuntusuna görə ittiham edib.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ötən ay Azərbaycan qüvvələri bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa edib.

Buna da bax: Çirkli pullar qalmaqalına düşən xeyriyyəçi və 'qərbyönlü' Vardanyan kimdir?

Vardanyan kimdir

54 yaşlı Vardanyan Yerevanda doğulub. O, Troika Dialog investisiya bankının keçmiş icraedici rəsmisi və səhmdarıdır. Sberbank sözügedən bankı 2011-ci ildə alıb.

Ötən il “Forbes” Vardanyanın aktivlərini 1 milyard dollar dəyərləndirib.

Rusiya fevralın sonunda Ukraynaya səbəbsiz təcavüzə başlayandan bir çox oliqarx və biznesmenlər Rusiyadan gedib. Qərb işğal başlayandan sonra Kremlə yaxın rusiyalı maqnatlara sanksiyalar tətbiq edib.

Buna da bax: Rusiyanın ən varlı adamları…

Vardanyan yüz milyon dollarlarla pulu xeyriyyə işlərinə ianə etməsi və sosial investisiyalara yatırmasıyla ad çıxarıb. 2019-cu ildə yayılmış jurnalist araşdırmasında iddia olunurdu ki, Troika Dialog investisiya bankı 2006-cı ildən bəri “saxta” ticarət sövdələşmələrindən və ofşor şirkətlərin mürəkkəb şəbəkəsindən istifadə edib, Rusiyadan qaynaqlanan milyardlarla dollar çirkli pulların yuyulmasında, vergi yayınmalarında vasitəçi olub.