Şənbə günü, dekabrın 7-də Amerika ilə İran arasında məhbus mübadiləsi olub. "Amerikanın səsi" radiosu iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda bu mübadiləni nadir hadisə adlandırıb. ABŞ prezidenti Donald Trump İranın ABŞ-a casusluq ittihamı ilə üç il həbsdə saxladığı Amerika vətəndaşı Xue Wang'ı təhvil verdiyini deyib. Tehran da ABŞ-ın İran vətəndaşı Məsud Soleimanini sərbəst buraxdığını xəbər verib. Vaşinqtonla Tehran arasında məhbusların mübadiləsi üçün İsveçrə vasitəçi olub, mübadilə isə Sürixdə baş tutub. ABŞ və İran arasında diplomatik münasibətlər olmadığından İsveçrə Tehranda Birləşmiş Ştatların diplomatik maraqlarını təmsil edir.
Princeton Universitetinin aspirantı olan Xue Wang 2007-ci ildə İranda 10 il həbs cəzasına məhkum edillib. Həmkarları iddia edirlər ki, o İrana elmi araşdırmalar üçün gedib və xüsusi xidmət orqanları ilə heç bir əlaqəsi olmayıb. Soleimani, 2018-ci ildə ABŞ-da həbs edilmiş İran alimidir.
"Əsirlikdən azad olunan amerikalı mənim administrasiyam üçün həyatı vacib bir adamdır və biz ölkədən kənarda qanunsuz saxlanılan vətəndaşlarımızın evlərinə dönməsi yolunda ciddi çalışırıq" deyə Trumun bəyanatında deyilir.
Trump və dövlət katibi Mike Pompeo İranın mübadilə danışıqlarına konstruktiv yanaşdığını qeyd ediblər.
"Baxın - razılaşa bilərik!" deyə Trump twitter hesabında yazıb.