Üç uşaq atası Vasif Talıbovla bağlı statuslara görə həbs olunub 

Vasif Talıbov

İyunda Naxçıvan şəhər Məhkəməsi onun 10 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb

35-yaşlı Naxçıvan sakini Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun adı və şəkliylə "Twitter"də status paylaşdığına görə həbs olunub. Söhbət 2020-ci ilin noyabrında Naxçıvanda vertolyot qəzasından sonra sosial şəbəkədə paylaşılmış statusdan gedir.

Elektron hökmdə ad və soyadı baş hərfləri ilə K.M. kimi göstərilən şəxs Talıbovun adı və fotoşəklindən də istifadə edərək, "Biz vurmamışıq, helikopter donqiliydi, özü düşdü”, "Oğurluq vertolyot olduğu üçün onu vurduq, bizim yaxşılıqdan başqa bir niyyətimiz olmayıb. Bu da bizim yaxşılığımızın qarşılığı. Küsdüm...” kimi statuslar paylaşıb. Paylaşımlarda "Xoxan" istifadəçi adından istifadə edilib.

Üç uşaq atası sosial mediadakı paylaşımlarına görə bu il aprelin 26-da həbs edilib. Ona qarşı CM-in 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsilə ittiham irəli sürülüb. İyunda Naxçıvan şəhər Məhkəməsi onun 10 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Buna da bax: Hakimin MTN generalına ‘müəllim’ deməsi qalmaqal yaratdı

Cərimədən də azad edilib

Hökmdən verilmiş şikayətə Naxçıvan Ali Məhkəməsində oktyabrın 24-də baxılıb. Bu instansiya hökmü dəyişərək, cəzanı 1200 manat cərimə ilə əvəzləyib. Onun həbsdə saxlandığı müddət də nəzərə alınaraq, təyin edilmiş cərimə cəzasından da azad olunub.

Təqsirləndirilən şəxs şikayətində vurğulayıb ki, əməlindən peşmandır. Amma birinci instansiya məhkəməsi ona cəza təyin edəndə peşman olmasını, azyaşlı uşaqlarını və başqa yüngülləşdirici halları nəzərə almayıb. Baxmayaraq ki, o maddədə alternativ cəzalar (islah işləri, ictimai işlər və cərimə cəzası) da var, məhkəmə ona ən ağırını – azadlıqdan məhrumetməni tətbiq edib.

Ötən il noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması nəticəsində iki hərbi qulluqçu həlak olub, bir nəfər yaralanıb. Faktla bağlı cinayət işi qaldırılıb.