Vəkil Adəm Məmmədov məhkəmə zalında həbs edildi

Adəm Məmmədov

Bu ilin əvvəlində vəkillik fəaliyyəti 3 aylığa dayandırılan Adəm Məmmədov martın 5-də həbs olunub. Nərimanov rayon Məhkəməsi vəkil həmkarı Ceyhun Yusifovun şikayəti əsasında onun haqqında 6 aylıq həbs hökmü çıxarıb. A.Məmmədov Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələriylə təqsirli bilinib.

Eyni iş üzrə A.Məmmədovla yanaşı, qardaşı Xəyyam Məmmədova da hökm oxunsa da, o həbs edilməyib. Hakim Gültəkin Əsədova X.Məmmədova 6 ay islah işləri cəzası kəsib.

Artıq 8 aydır Nərimanov rayon Məhkəməsində C.Yusifovun Məmmədov qardaşlarına qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya baxılırdı. C.Yusifov iddia edir ki, qardaşların təsisçisi olduğu və rəhbərlik etdiyi saytda onun şəxsi həyatına aid böhtan xarakterli bilgi yayılıb. Həmin bilgini başqa platformalar da tirajlayaraq yayıb. Nəticədə onun işgüzar nüfuzuna zərbə vurulub, şərəf və ləyaqəti alçaldılıb.

A.Məmmədov bu ittihamla razı deyil. O, bütövlükdə iddianın icraata götürülüb baxılmasına etirazını bildirdiyindən, öz növbəsində, C.Yusifovu məhkəməyə vermişdi.

A.Məmmədov 2024-cü ildən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi kimi də fəaliyyət göstərib. Təxminən ayyarım öncə onun BDU-dakı fəaliyyətinə də xitam verilib.