«Fəxrəddin Mehdiyevlə bağlı neçə aydır araşdırma gedir, sentyabrdan bəri araşdırılır, bu, oyuncaq deyil, axı. Bəzi məsuliyyətsiz adamların dediyi kimi, guya hansısa vəkil siyasi işlərə çıxır deyə, nə bilim neynəyir deyə, fəaliyyəti dayandırılmayıb». Vəkillər Kollegiyasının sədri Anar Bağırov AzadlıqRadiosuna müsahibəsində belə deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
- Anar bəy, Fəxrəddin Mehdiyevin Vəkillər Kollegiyasından bir illik uzaqlaşdırılması birmənalı qarşılanmadı, bunu «qərəz, radikal seçim» kimi dəyərləndirənlər də oldu. Başqa bir cəza növü seçmək mümkün deyildimi?
- Heç kim Fəxrəddin Mehdiyevi vəkillikdən uzaqlaşdırmayıb, sadəcə onun fəaliyyəti bir illik dayandırılıb. Bizim qərarımız niyə təhrif olunur? Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verərkən bunları rəhbər tutur: İntizam Komissiyasının araşdırma nəticəsində tərtib edilmiş rəyini, «Vəkillər və vəkillik haqqında» Qanunu, etik davranış qaydaları haqqında əsasnaməni, yəni Etik Məcəlləni. İntizam Komissiyası təcrübəli vəkillərdən ibarət orqandır. Orda bütün işlər hərtərəfli, obyektiv araşdırılır, bu zaman bütün vəkillər dəvət olunur, onlardan yazılı izahat alınır. Bunun nəticəsində komissiya hüquqi rəy hazırlayır. Daha sonra da Rəyasət Heyəti bunu müzakirəyə çıxarır, müvafiq qərar qəbul edilir. Yəni bu qərar boş yerdən yaranmayıb. Savadlı, təcrübəli, məsuliyyətini dərk edən vəkillər toplaşıb orda. Fəxrəddin Mehdiyevlə bağlı neçə aydır araşdırma gedir, sentyabrdan bəri araşdırılır, bu, oyuncaq deyil, axı. Bəzi məsuliyyətsiz adamların dediyi kimi, guya hansısa vəkil siyasi işlərə çıxır deyə, nə bilim neynəyir deyə, fəaliyyəti dayandırılmayıb. Yaxşı, bu adam siyasi işlərə çıxanda ona hər hansı cəza verilmişdi? Mən araşdırmışam, o adam «siyasi» adlandırılan işlərə çıxdığı dövrdə ona qarşı heç bir cəza tədbiri görülməyib. Hazırda o, keçmiş bank sədrini müdafiə edir, həmin şəxs də siyasi xadim deyil. Bank sədri olub, işində pozuntular olub, barəsində hökm də çıxarılıb. Nəyə görə biz bu işdə qərəzli olmalıydıq? Məntiqi heç başa düşmürəm. Həmin gün tək o iki vəkilin işinə baxılmayıb, biz başqa vəkilləri də cəzalandırmışıq. O adamların adları heç yerdə hallandırılmır. Mən sədr seçiləndə bəyan etmişəm ki, hər bir vəkil qanuna əməl etməlidir. Biz bunu tələb edirik. Təəssüflər olsun ki, vəkillər bir çox hallarda bunu pozurlar. Amma biz buna göz yuma bilmərik. Kim olur olsun.
- Fəxrəddin Mehdiyev Etik Məcəllənin tələblərini nədə pozub? Hüquqlarını müdafiə etdiyi şəxsin fikirlərini mətbuata çıxardığına görəmi? Dəqiqləşdirərdik, qanun bunu yasaqlayırmı?
- Onun pozuntusu İntizam Komissiyasının rəyində geniş şəkildə şərh edilib, əsaslandırılıb. Orda ciddi pozuntular var. Özü də yeri gələndə bildirib ki, «bəli, mən filan işləri görmüşəm». Onun fikri budur ki, bəli, bu işi görüb, amma qanunu pozmayıb. Biz isə əksini hesab edirik, mövqeyimizi də əsaslandırmışıq. Narazılığı varsa, bu qərardan şikayət verə bilər. Biz onun bu hüququna hörmətlə yanaşırıq. Orda bir şey də var. Deyirlər ki, guya Fəxrəddin Mehdiyev bu şikayəti mətbuata təkbaşına ötürüb, digər vəkilin xəbəri olmayıb. Ancaq araşdırmışıq və məlumatın ötürüldüyü jurnalist izahatında deyib ki, hər iki vəkil bu məlumatı ona bir yerdə təqdim ediblər. Vəkillər Kollegiyası savadlı hüquqşünaslardan ibarət qurumdur. Bizim qərarlarımıza hörmətlə yanaşılmalıdır. Bu məsələ niyə belə şişirdilir, başa düşmürəm mən. Nəyə görə cəza verilən digər vəkillərin adını çəkən yoxdur? Bəzən vəkillik işi siyasiləşdirilir. Elə çıxır ki, müxalifətçini müdafıə edən tanınmış vəkildir. Amma bizim kollegiyada savadına, titullarına görə elə vəkillər var ki, onu siz jurnalistlər tanımırsınız. Çox təəssüf, onlar qalıb qıraqda, adlarını çəkən yoxdur, halbuki onların ölkə, vətəndaşlar üçün gördüyü işlər qat-qat önəmlidir. Sanki üç-beş nəfər sövdələşib... Açıq deyim, bəzən vəkillər «tanınmış» titulunu qazanmaqdan ötrü gedib bir müxalifətçi xadimi müdafiə edirlər, bundan sonra müxalifətçi jurnalistlər də onu «tanınmış» kimi təqdim edirlər. Bu, çox gülməlidir. Dünyanın heç yerində belə şey yoxdur. Tanınmış vəkil olmaqdan ötrü vəkil fəaliyyəti, çıxardığı bəraət hökmləri ilə tanınmalıdır. Bizim vəkillərimiz var ki, son iki ildə onlarla bəraət hökmünün çıxarılmasında iştirak ediblər. Kim deyir ki, bizdə bəraət hökmü yoxdur, bu, qəti yalandır.
- Yeri gəlmişkən, Fəxrəddin Mehdiyev də hüquqlarını müdafiə etdiyi Ləman Quliyevanın haqqında hökmün dəyişdirilməsinə nail olmuşdu. O, nişanlısı ilə bir yerdə icra başçısının övladını öldürməkdə ittiham olunurdu.
- Vəkildir də. Udduğu iş də var, uduzduğu da. Hər bir vəkilin fəaliyyəti o cürdür. Biz dövlət hesabına hüquqi yardımdan savayı volontyor kimi pulsuz hüquqi yardım göstəririk. O vəkil də kiminsə işində əlini uzadıb yardım edibsə, bu normaldır və belə də olmalıdır.
- Anar bəy, az əvvəlki məsələyə qayıdardıq. Vəkilin - dəxili yoxdur kimin - hər hansı məhbusun müsahibəsini yayımlaması həqiqətən də qanunla yasaqlanırmı? Və ya bu sadəcə, Etik Məcəllənin tələblərinin pozulmasıdır? Və belədirsə, Fəxrəddin Mehdiyev qanunu nədə pozub? Buna aydınlıq gətirərdiniz, zəhmət olmasa.
- Bu, işin konkret hallarından asılıdır. Söhbət hansı xarakterli məlumatlardan gedir və s. Bu, normativ hüquqi aktlarla tənzimlənir. Məlumatın ötürülməsi vəkilin istəyi və ya təşəbbüsü ilə olmur. Vəkil bunu qanun əsasında edirsə, hüquqi tələbləri pozmursa, bu, başqa məsələ. Yox, qanunları pozursa, bu, artıq tamam başqa haldır. Vəkil qanundan kənara çıxmamalıdır. Bir də, sizdən bir xahişim var. Nəyə görə AzadlıqRadiosu bir dəfə zəng vurub maraqlanmır ki, ay Vəkillər Kollegiyası, sizdə bir aydır sənəd qəbulu gedir, siz bununla bağlı hansı tədbirləri görürsünüz?
- İcazənizlə, AzadlıqRadiosunun əməkdaşı bununla bağlı sizinlə və ya kollegiyada başqa səlahiyyətli şəxslərlə bu haqda danışmaq üçün dəfələrlə cəhd göstərib. Amma cavab verməmisiniz.
- Sizinlə indi səmimi müzakirə aparırıq. Mən çox xahiş edirəm, bu fikirlərimi də çatdırın, bildirin ki, Vəkillər Kollegiyası dekabrın 11-dən yanvarın 11-dək gərgin rejimdə sənəd qəbulu aparıb. Düz 2 min nəfərədək hüquqşünas Kollegiyaya müraciət edib. Kollegiyanın illərdir cəmi 915 nəfər üzvü olub, indi isə bizim 2 min nəfərə yaxın namizədimiz var. Çox sevindirici haldır ki, namizədlərin çoxu bu gün dövlət orqanlarında çalışanlardır, vəkilliyə böyük həvəs var. Prokurorluqda, vergidə, polisdə işləyənlər bu gün vəkil olmaq istəyirlər. Namizədlərin 60 faizdən çoxu 40 yaşına qədər hüquqşünaslardır. Bütün rayonlardan namizədlər var. Buna çox sevinirik. Regionlarda vəkillərimizin sayını artırmağa çalışırıq. Ayın 28-də test imtahanı olacaq, daha sonra şifahi müsahibə aparılacaq. Qısa zamanda vəkillərin sayı xeyli artacaq. Biz istərdik onların sayı ən azı iki dəfə artsın.
- Deputat Rafael Cəbrayılov AzadlıqRadiosuna müsahibəsində demişdi ki, Azərbaycanda regionların payına düşən vəkillərin sayı 200-dən bir az çoxdur, elə rayon var orda bir vəkil fəaliyyət göstərir. Bu problemin həlli yönündə hansı addımlar atılacaq?
- Rayonlarda vəkillərin sayı doğrudan da, azdır. Biz çox istərdik ki, onların sayı artsın, aztəminatlı, imkansız şəxslərin hüquqa əlçatımlılığı təmin edilsin. Dövlət başçısı da məlum sərəncamda bizə bu formada tövsiyə verir. Biz də var-gücümüzlə buna çalışırıq, istəyirik Vəkillər Kollegiyası müasirləşsin, islahatlar getsin, vəkillərin maddi-texniki, prosessual vəziyyəti yaxşılaşsın, vəkilin nüfuzu artsın. Saysız-hesabsız insan vəkil adından istifadə edir, pul alıb özlərini vəkil kimi təqdim edirlər. Hər gün Kollegiyaya bununla bağlı onlarla şikayət daxil olur. Biz yaxın gələcəkdə bu halların qarşısını almaq istəyirik. Bu baş verməsə, vəkilliyin nüfuzu artmayacaq.
- Daha bir problem dövlətin təmin etdiyi vəkillərin bəzən işə həvəssiz çıxması, müdafiəni düzgün qurmamasıdır. Bu yöndə hansı addımlarsa atılacaqmı?
- Hesab edirəm ki, mütləq bu sahədə islahatlar getməlidir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna dəyişiklik edilməlidir, Vəkillər Kollegiyasının dövlət hesabına pulsuz hüquqi yardım məsələsində funksiyası genişləndirilməlidir. Birincisi, dövlət hesabına ödənişin miqdarı artmalıdır. İkincisi, bu vəsaitin bölünməsi Kollegiyanın hesabına həyata keçirilməlidir. Üçüncüsü, qurum bununla bağlı monitorinqlər aparmalıdır. Bu üç amil çox əhəmiyyətlidir. Vəkillərin sayı artdıqca, bu problemlər də aradan qalxacaq.
- Yalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılanda sizin başçılıq etdiyiniz qurumun ünvanına bir çox beynəlxalq qurumlardan tənqidlər səsləndi. Onlar bununla ölkədə müdafiə hüququnun pozulduğunu, vəkillik institutunun boğulduğunu bəyan edir, müstəqil vəkillərə basqılardan narahatlıqlarını ifadə edirdilər. Bu tənqidlərə cavabınız nədir?
- O təşkilatlara, adətən, ətraflı, əsaslandırılmış cavab göndəririk. Heç kimə imkan verməyəcəyik ki, Kollegiyanın adını əsassız yerə hallandırsınlar. İndiyə kimi bir qapıda futbol oyunu gedib. Kim gəldi qurumun bostanına bir daş atıb. Qurum da susub, bu gündən sonra kəskin reaksiyamız olacaq. Deməyə sözümüz də var, alnımız da açıqdır, heç kimdən narahat da deyilik. Hesab edirik ki, hər bir qərarımız qanuna əsaslanıb. Kim əksini sübut edə bilirsə, ortalığa qoysun. VK-nın hər bir qərarı ədalətli, obyektivdir. Digər fikirlər də uydurmadır, yalandır, həqiqəti əks etdirmir, sadəcə, qarayaxma kampaniyasıdır. Bizim üçün qanun, vəkilliyin nüfuzu hər şeydən alidir. Bizə hər gün vəkillərdən o qədər şikayət daxil olur ki. İstər dövlət qurumlarından, istərsə qeyri-dövlət qurumlarından, istərsə də vətəndaşlardan. Biz onları araşdırırıq, onların bir çoxu əsassız olduğuna görə təmin olunmur. Axı, nəyə görə elə təqdim olunur ki, VK dövlət qurumlarından gələn bütün şikayətləri təmin edir? Qətiyyən elə deyil. Beynəlxalq qurumlara bu faktları verəndə təəccüblənirlər. Yalandan təəssürat yaradılır ki, Kollegiya bütün vəkilləri cəzalandırır. Bu haqda deyilənlər uydurmadır. İndən belə bizi qaralamağa imkan verməyəcəyik, bizim deməyə sözümüz də var, göstərməyə sənədimiz də. Haqlı olduğumuz məsələdə bizə böhtan ata bilməyəcəklər.