Hüquqşünaslar Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Buna səbəb isə şəhər rəhbərliyinin onların noyabrın 18-də keçirmək istədiyi mitinqə icazə verməməsidir. Bu haqda AzadlıqRadiosuna məhkəmədə iddia qaldırmış hüquqşünaslardan Samirə Ağayeva məlumat verib.
Hüquqşünasların iddiasına 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədova baxacaq. Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub.
Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən hüquqşünaslar arasında S.Ağayeva ilə yanaşı, Xalid Bağırov, Namizəd Səfərov da var.
Hüquqşünasların bir araya gələrək yaratdıqları Praktik Hüquqşünaslar Qrupu (PHQ) qanunvericiliyə edilən dəyişikliyə etiraz olaraq, mitinq keçirmək istəyirdi. Söhbət nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsinə qoyulan qadağadan gedir.
Hüquqşünaslar mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Ancaq paytaxt rəhbərliyi noyabrın 15-də onlara imtina cavabı verib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov cavab məktubunda hüquqşünaslara xatırladıb ki, onların narazı olduğu dəyişiklikləri artıq ölkə başçısı imzalayıb, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır.
XATIRLATMA
Parlament oktyabrın 31-də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.
Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.
Parlament bir dəfə layihəni geri qaytarsa da, sonradan bəzi düzəlişlərlə qəbul edib.
Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə PHQ hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti alitəhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir.
Azərbaycanda Vəkillər Kollegiyasının 936 üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.