Vətəndaş cəmiyyəti fəallarından həbs olunanlar var

Altay Məmmədzadə və Bəşir Süleymanlı

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə də həbs edilib.

İstintaq orqanından məhkəməyə təqdimat daxil olub. Binəqədi rayon Məhkəməsi təqdimatı təmin edib.

A.Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 28 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

+++

Saxlanan ictimai fəallardan "Hüquq və İnkişaf" İB-nin rəhbəri Hafiz Həsənovun və hüquqşünas Xalid Ağalıyevin sərbəst buraxıldığı deyilir.

Bu barədə onların yaxınları məlumat verib.

X.Ağalıyev İkinci Qarabağ müharibəsi iştirakçılarındandır.

+++

Bu gün, martın 14-də Azərbaycanda bir neçə vətəndaş cəmiyyəti fəalının saxlandığı bildirilir. Saxlananlar arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun, Seçki Müşahidə Alyansının icraçı direktoru Altay Məmmədzadənin və hüquqşünas Xalid Ağalıyevin olduğu deyilir.

Yaxınlarının verdiyi məlumatlara görə, onların saxlanması 2014-cü ildə Baş Prokurorluğun İstintaq Idarəsində yerli və xarici qeyri hökumət təşkilatları (QHT) ilə bağlı açılmış (2020-ci ildə bağlandığı və sonra yeniləndiyi bildirilən) cinayət işi ilə əlaqəlidir.

Amma, hələlik, bu məlumata Baş Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bəşir Süleymanlı

Bununla belə, axşam saatlarında yaxınlarının yaydığı məlumata görə, Binəqədi rayon Məhkəməsinin qərarı ilə B.Süleymanlı barəsində 3 ay 28 günlük həbs-qətimkan tədbiri seçilib. İlkin məlumatlara görə, onun Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edildiyi deyilir. Bu məlumatı, hələlik, məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Həmin maddələrlə şəxsə 7 ilə qədər həbs cəzası verilə bilər.

B.Süleymanlı 2014-cü ilin mayında Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) 213.1-ci (vergiləri,...ödəməkdən yayınma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. İttihamı qəbul etməyən Süleymanlı 2015-ci ilin martında prezident sərəncamı ilə azadlığa çıxmışdı. Həmin ittihamla üzləşərkən o, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru idi. Bu qurum monitorinq apardığı zamanlar Azərbaycandakı seçkilərlə bağlı, əsasən, tənqidi hesabatlar dərc edib.