Azərbaycan Prezidenti “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzlayıb.
Aprelin 19-da imzalanan Sərəncama əsasən, II Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat birdəfəlik yardım ödəniləcək.
Eyni zamanda, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə təltif edilənlər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 4395 nəfərin hər birinə 750 manat birdəfəlik yardım veriləcək.
Sərəncam 4500-ə yaxın şəxsi əhatə edəcək.
Birdəfəlik maddi yardımların verilməsi üçün sərəncamla Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb.
Xatırlatma
1939-1945-ci illəri əhatə edən (SSRİ 1941-ci ildən müharibədə iştirak edib) II Dünya Müharibəsində SSRİ-nin tərkibində olan Azərbaycan Sovet Sosialist Respublikasindan ümumilikdə cəbhəyə 600 min insanin yola salındığı, onlardan təqribən yarısının həlak olduğu bildirilir.