Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun səhhətində ciddi problemlər var.
Musavat.com saytı bu xəbəri V.Zeynalovun vəkili Ceyhun Yusifova istinadən yayıb.
Vəkilin bildirməsinə görə, müdafiə etdiyi şəxsə qarşı qərəzli münasibət var: «V.Zeynalov səhhətindəki problemlə əlaqədar olaraq, görüş otağına gələrkən çox əziyyət çəkir. O, həbs edilməmişdən əvvəl diz qapağından əməliyyat olunub. Belində ağır dərəcəli onurğa yırtığı və sinir ağrıları var. Buna görə də V.Zeynalov otura bilmir, yerimə qabiliyyətini itirmək həddindədir. O, ya yataqda uzanmalı, ya da ayaq üstə dayanmalıdır. Şikayətlərdən sonra onu 3-cü mərtəbədən 1-ci mərtəbəyə köçürdülər. Amma onu şəraitsiz otağa köçürüblər, ona qarşı məhdudiyyətlər 5 qat artırılıb. V.Zeynalov şiddətli ağrılarının olduğunu, buna görə gecələr yata bilmədiyini deyir. Onu formal olaraq şəraitsiz, nəm otağa keçiriblər. Həmin otaqdakı şərait onun xəstəliyinə daha da pis təsir edir».
Vəkil Ədliyyə Nazirliyi rəhbərliyinə müraciət edərək, V.Zeynalovla bağlı məsələyə diqqət ayrılmasını istəyib.
Hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən vəkilin şikayətinə münasibət öyrənmək mümkün olmayıb.
Vidadi Zeynalov ötən ilin noyabrında həbs edilib. O, küllü miqdarda dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarıldı. Bundan sonra həm bu, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bir sıra vəzifəli şəxslər həbs edildi. Onda ölkə mətbuatı bu həbsləri, əsasən, iki səbəblə izah edirdilər: Əmlak uğrunda savaş və ölkə rəhbərliyinin telefon danışıqlarının gizlin dinlənməsinin aşkar edilməsi. Ancaq bu versiyalar rəsmi ittihamlarla üst-üstə düşmür.