General Volkov yolun açılması üçün Azərbaycanla danışıqlar aparır

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, aprelin 25-də "separatçıların və Rusiya sülhməramlıların səyləri nəticəsində" Qarabağa humanitar yüklərinin daşınması qismən bərpa olunub.

Separatçı rejimin verdiyi məlumata görə yüklərin böyük bir hissəsini Qarabağda talonla verilən ərzaq malları təşkil edir.

Bundan əvvəl Azatutyun yazırdı ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun iştirakilə Laçın dəhlizində Həkəri çayının üstündəki körpünün açılması üçün danışıqlar davam edir.

Azatutyun Qarabağdakı separatçılara istinadla danışıqların ayrı-ayrılıqda həm Azərbaycan tərəfi, həm də Qarabağ erməniləri ilə aparıldığını bildirir.

Bu da qeyd olunur ki, danışıqların 3-cü günündə də razılaşma əldə olunmayıb.

Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Bakı bu addımın atılmasını Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması və Yerevanın Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi qurmasına adekvat cavab kimi izah edib.

Azərbaycanın Sərhəd Xidməti bildirib ki, sərhəd-keçid məntəqəsinin qurulması ilə bağlı həm Rusiya sülhməramlı kontingenti, həm də Rusiya-Türkiyə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Buna da bax: Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası mümkündürmü?

Sülhməramlıların 1 nömrəli postu

Buna baxmayaraq Rusiyanın Müdafiə Nazirliyi bəyanatla çıxış edib:

“2023-cü il, aprelin 23-də Azərbaycan tərəfinin birtərəfli və razılaşdırılmamış hərəkətləri nəticəsində Rusiya sülhməramlı kontingentinin 1 nömrəli müşahidə postu (Həkəri çayı üzərindəki körpü - red) rayonunda Laçın dəhlizi ilə hərəkət dayandırılıb. Sülhməramlı kontingentin komandanlığı Azərbaycan tərəfi ilə danışıqlar aparır”.

Azatutyun yazır ki, Qarabağ separatçıları ilk növbədə Ermənistan hökumətindən narazılıq bildirirlər.

Onlar deyirlər ki, Azərbaycanın bu hərəkətinə baş nazir Nikol Paşinyanın “Ermənistan 29 min 800 kvadrat kilometrdir” bəyanatı rəvac verib.

Azatutyun yazır ki, rəsmi Yerevan Azərbaycanın Laçında buraxılış nəzarət postu qurmasını pisləyən bəyanat verib.

Azərbaycan tərəfi isə bildirir ki, bu postun qurulması beynəlxalq qanunlara və Ermənistan tərəfi ilə Praqa və Soçidə əldə olunmuş razılaşmalara uyğundur.

Buna da bax: Sərhəddə post qurmasının Bakı üçün hansı nəticələri ola bilər - Ekspertlər

"Bütün yollar bir gün açılır..."

Bu arada Ermənistan hakimiyyəti müxalifətin Laçın yolunun bağlanmasına görə Nikol Paşinyanı ittiham etməsini rədd edib.

Ermənistan parlamentinin müdafiə komitəsinin sədri, hakim partiyadan Andranik Koçaryan deyib:

“Bütün bağlı yollar bir gün açılır, amma anlaşma olmayanda açıq yollar bir gün bağlanır”.

Koçaryan vurğulayıb ki, Azərbaycanın qurduğu post Rusiya sülhməramlılarının məsuliyyəti zonasındadır.

Başqa bir iqtidar deputatı, parlamentin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan deyib ki, əksinə, Paşinyanın bəyanatları konstruktiv olub və Ermənistan sülh prosesindən imtina edə bilməz:

“Aydın olur ki, Ermənistan konstruktiv tərəfdir və bu, deyəsən beynəlxalq partnyorlar üçün də aydın olur. Buna sübut, məsələn yaranmış vəziyyət barədə ABŞ Dövlət Departamentinin və ya Fransa XİN-in çevik və ünvanlı qiymətləndirmələridir. Və Ermənistan öz üzərinə götürdüyü sülh prosesindən, regionda sabitlik yaratmaq məqsədindən geri çəkilə bilməz”.

Azatutyun yazır ki, deputat yaranmış vəziyyətdən çıxış yolunu diplomatik və siyasi dialoqda görür, habelə Rusiya sülhməramlılarından əlavə vasitəçilik səylərini gözləyir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda qadınlar hərbi xidmət keçəcək. 2500 dollar alacaqlar

Nersisyan: “Şuşanın kəndləri blokadadır”

Azatutyun Qarabağın “dövlət naziri” kimi təqdim edilən Qurgen Nersisyanın sözlərinə istinadla xəbər verir ki, yolun bağlanması nəticəsində Qarabağa ən adi tələbat mallarının gətirilməsi qeyri-mümkün olub.

Nersisyan deyib ki, son üç gündə Qırmızı Xaçın xətti ilə daşınmalar da dayanıb.

Onun sözlərinə görə Azərbaycan post qurandan bəri Şuşanın Sarıbaba, Kiçik Qaladərəsi, Böyük Qaladərəsi və Turşsu kəndləri “tam blokada” vəziyyətinə düşüb. Bu kəndlərdə hazırda ermənilər yaşayırlar.

Nersisyan bildirib bu kəndlərin indi nə Ermənistan, nə də Xankəndi ilə əlaqəsi yoxdur.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.