Dünya Anti-Dopinq Agentliyi (The World Anti-Doping Agency - WADA) Rusiya hakerlərini Birləşmiş Ştatların olimpiya idmançılarının tibbi məlumatlarını sızdırmaqda ittiham edib.
Tibbi məlumatları sızdırılmış idmançılar arasında tennisçilər Venus və Serena Williams, habelə gimnast Simone Biles da var.
WADA-nın məlumat bankından infromasiyanın sızdırılmasına görə məsuliyyəti üzərinə özünü "Fancy Bears" (Şən ayılar) adlandıran haker qrupu götürüb.
WADA-nın bəyanatında deyilir ki, kiberhücumdan məqsəd qlobal anti-dopinq sisteminə zərbə vurmaq olub.
Rusiya xəbər agentlikləri isə Kremlin sözçüsü Dmitri Peskovun dərhal yayılmış təkzibini veriblər.
Peskov bildirib ki, bu haker hücumunun arxasında Kreml və ya Rusiya xüsusi xidmətlərinin durduğuna dair iddialar tamamilə əsassızdır.
Xəbər verilir ki, sızdırılmış məlumatların arasında “müalicə-terapevtik istifadə istisnaları” deyilən informasiyalar da var.
Bu məlumatlarda idmançılara səhhətləri bağlı istisna şəklində istifadəsinə icazə verilən müalicənin təfərrüatları yer alır.
Qərb mediası yazır ki, ekspertlər bu kiberhücumla Rusiya idmançılarının dopinq qalmaqalı ilə əlaqdar Rio Olimpiadasına buraxılmaması arasında bağlılıq görməyə meyllidirlər.
WADA-nın baş katibi Olivier Niggli bildirib ki, bu hadisə qlobal anti-dopinq icmasının Rusiyaya olan etmadı yenidən qurmaq cəhdinə böyük zərbə olub.
“Şən ayılar”
“Şən ayılar” başqa olimpiya komandalarının məxfi məlumatlarını da yayacaqları ilə hədələyiblər.
Ekspertlər bildirirlər ki, hər bir sistemə uğurlu haker hücumu edilməsinə imkanı elə həmin sistemdən istifadə edənlər verirlər.
WADA bildirib ki, onun ehtimalına görə hakerlər sistemə daxil olmaq üçün “phishing” kimi tanınan köhnə metoddan istifadə ediblər.
Bu üsuldan istifadə zamanı hədəf sistemin üzvlərinə yalançı elektron məktublar və tələ linklər göndərilir.
Çox mümkündür ki, “Şən ayılar” WADA sisteminin bir neçə və hətta ola bilsin, bir nümayəndəsini tovlamaqla sistemin kilidini sındıra biliblər.
Ekspertlər bildirirlər ki, mexanizminin xeyli sadə olmasına baxmayaraq phising-dən müdafiə olunmaq, demək olar mümkün deyil.
Tovlama prosesi də sadədir. Məsələn kimisə haker toruna salmaq üçün, ona pərəstişkarı olduğu futbol klubu haqqında saxta e-mail göndərmək kifayətdir.
Siyasi təhlilçilər isə inanırlar ki, bu haker hücumu WADA-nı Rusiya idmançılarına münasibətdə daha sərt və daha tələbkar edəcək.