ABŞ baş prokuror əvəzi Rusiya təhqiqatına müdaxilə etmədiyini deyib

ABŞ baş prokuror əvəzi Matthew Whitaker

ABŞ-ın baş prokuror əvəzi Matthew Whitaker, 2016-cı il ABŞ prezident seçkisinə Rusiyanın iddia olunan müdaxiləsinin təhqiqatına “hər hansı bir şəkildə” müdaxilə edəcək heç bir hərəkətə yol vermədiyini bəyan edib.

Whitaker xüsusi prokuror Robert Mueller-in prezident Donald Trump-ın seçki kampaniyası və Rusiya arasında sövdələşmənin olub-olmadığına dair təhqiqatına nəzarət edir.

Whitaker bu barədə fevralın 8-də demokratların nəzarətində olan Nümayəndələr Palatasının Ədliyyə Komitəsində keçirilən sual-cavab dinləməsində məlumat verib.

Whitaker deyib ki, o Rusiya təhqiqatı ilə bağlı nə Trump, nə də Ağ Evin hər hansı başqa vəzifəli rəsmisi ilə danışmayıb.

O habelə bidlirib ki, təhqiqatın aparılmasına “nəzarətdə ümumən heç bir dəyişiklik” olmayıb:

"Mən bu təhqiqatın aparılmasına nəzarəti indiyədək yalnız təlimatın göstərdiyi şəkildə etmişəm və gələcəkdə belə edəcəyəm”.

Bu dinləmədən əvvəl onun prezidentlə söhbətləri barədə məcburi qaydada məlumat verməli olub-olmadığına dair mübahisələr olmuşdu.

Trump Whitaker-i ötən ilin noyabrında keçmiş baş prokuror Jeff Sessions-ı vəzfəsindən uzaqlaşdırdıqdan dərhal sonra baş prokuror əvəzi təyin edib.

Trump keçmiş baş prokuroru özünü Mueller-in təhqiqatına nəzarətdən ayırdığına görə sərt tənqid edirdi.

Prezident Trump Mueller-in təhqiqatını “əcinnə ovu” adlandırır.