ABŞ səfirinə nota təqdim edilib

Səfir Earle Litzenberger Azərbaycan xarici işlər nazirliyində (sol), 11 mart 2019

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Earle D. Litzenberger Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona bu qurumun etiraz notası təqdim edilib.

Bu barədə noyabrın 1-də Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir.

Məlumatda bu notanın, “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar” olduğu vurğulanır:

“Notada Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə ABŞ tərəfindən viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib. Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir”

Məlumatda daha sonra da yazılıb:

“Səfir Earle Litzenberger ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk Qrupu prosesini dəstəklədiyini və Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb”.

Oktyabrın 30-da ABŞ Konqresində beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış “Dağlıq Qarabağ Respublikasının” müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın separatçı saydığı qurumun xarici işlər naziri Masis Mayilyan da iştirak edib.

XİN-in bu açıqlamasına, hələlik, ABŞ-ın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in ( ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​