XİN beynəlxalq müşahidəçilərə 'qəti etiraz' bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev, 5 dekabr 2014

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının prezident seçkilərinin nəticələri ilə əlaqədar ilkin hesabatını obyektiv hesab etmirik”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev-in beynəlxalq seçki missiyasının rəyi ilə bağlı mətbuata açıqlamasında belə yazılır.

H.Hacıyev bildirib ki, müşahidə missiyasının nümayəndələri XİN-də qəbul olunub, onlara Azərbaycan tərəfinin qəti etirazı çatdırılıb.

“ İlkin hesabatda seçkilərin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar, qərəzli siyasi mülahizələr üstünlük təşkil edir. Hesabatda seçkilərin məhdud siyasi mühit şəraitdə keçməsi barədə iddia tamamilə əsassızdır. Seçki öncəsi prosesdə qeydə alınmış namizədlərin azad və sərbəst şəkildə aktiv seçki kampaniyası aparması üçün bütün zəruri şərait yaradılıb. Öz siyasi zəifliyinə görə marginal siyasi qüvvələrin fəaliyyətsizliyini və ya bəzi qeydə alınmış namizədlərin qeyri-fəal seçki kampaniyası aparmasını çatışmamazlıq kimi təqdim etmək tamamilə yanlış mövqedir”, H.Hacıyev bildirib.

O, vurğulayıb ki, Azərbaycanda media tam azaddır. Seçki öncəsi dövrdə media ilə bərabər, sosial şəbəkələrdə hətta bir çox hallarda bütün etik normalardan kənar fəal müzakirə mühiti mövcud olub.

Səsvermə prosesinin azad olduğunu, yüksək fəallıq şəraitində, qanunvericiliyə uyğun keçirildiyini ifadə edən XİN sözçüsü deyib ki, seçki günü məcburi prosedurlara riayyət edilməməsi, şəffaflığın olmaması barədə iddialar heç bir tənqidə sığmır.

“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan bu kimi faktlar varsa, onların təqdim edilməsini tələb edirik”,

deyən H.Hacıyev müşahidə missiyasının ilkin hesabatının müxtəlif paraqrafları arasında ziddiyyətli məqamların olduğunu da qeyd edib. O, hesab edib ki, müşahidə missiyasının sərgilədiyi mövqe Azərbaycandakı seçicinin öz seçki hüququnu sərbəst ifadə etməsinə hörmətsizlikdir.

Növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq missiya bu gün, aprelin 11-də ilkin hesabatlarını açıqlayıb. Beynəlxalq missiyaya ATƏT DTİHB-nin müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətləri daxildir.

Onlar hesab edirlər ki, Azərbaycandakı seçkilər hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib.

“Hüquqların məhdudlaşdırıldığı, plüralizmin olmadığı şəraitdə seçkilərdə əsl rəqabət olmayıb. Namizədlər hazırki prezidenti tənqiddən çəkiniblər. Seçki kampaniyası və prezidentin fəaliyyəti arasında fərq olmayıb”, beynəlxalq müşahidəçilərin bəyanatında bildirilir.

Onlar vurğulayıblar ki, seçki günündə müşahidəçilər məcburi prosedurlara kütləvi məhəl qoyulmaması, şəffaflığın olmaması, seçki qutularına bülletenlərin topa şəkildə atılması kimi ciddi pozuntuları qeydə alıblar.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycanda bu prezident seçkisi hazırkı dövlət başçısı İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov aprelin 11-dən 12-nə keçən gecə prezident seçkisinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. O deyib ki, artıq 5 min 641 seçki məntəqəsindən 5 min 201-i, yəni 92.2 faizi hesabat verib.

MSK sədri vurğulayıb ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

M.Pənahovun deməsinə görə, sayılan bülletenlərə əsasən, İ.Əliyev 86 faizlə liderdir. Daha sonra Zahid Orucun 3.11 , Qüdrət Həsənquliyevin 3.04, Sərdar Cəlaloğlunun 3.02, Hafiz Hacıyevin 1.51, Araz Əlizadənin 1.39, Fərəc Quliyevin 1.18, Razi Nurullayevin isə 0.75 faiz səs topladığı bildirilib.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

Qalan namizədlər də seçkinin nəticələrini tanımadıqları ilə bağlı hər hansı açıqlama verməyiblər.