Xaçmazda kənd koronavirusa görə nəzarətə götürülüb

DİN

Xaçmaz rayonunun bir kəndi nəzarətə götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bunun səbəbi kənddə koronavirusa yoluxma hallarının yayılmasıdır: "Bir neçə gün ərzində Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində sakinlər arasında qeyd olunan virusa yenidən yoluxma halları müşahidə olunub. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları koronavirusun rayon ərazisində aşkarlanmasına operativ reaksiya verərək adıçəkilən kənd ərazisini xüsusi nəzarətə götürüblər. Polis əməkdaşları tərəfindən dərhal qabaqlayıcı tədbirlər görülüb, digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə dezinfeksiya işləri həyata keçirilib".

Amma bu məlumatla bağlı rayonun rəsmi qurumları ilə danışmaq cəhdləri nəticə verməyib. Kənddə dəqiq neçə nəfərin koronavirusa yoluxduğunu öyrənmək mümkün olmayıb. Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 377 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə hazırkı dövrədək 5 min 662 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 69 nəfər vəfat edib.