Xədicə İsmayıl: “Qadın olduğumu nəzərə almayın”

Sizin brauzer HTML5-i dəstəkləmir

Xədicə İsmayılın apellyasiya məhkəməsi...

►“Söhbət mənim azadlığımdan, həm də dövlətin daha bir məhbusa xərclədiyi vəsaitə qənaət olunmasından gedir. İndiki məqamda qənaət xüsusi önəm daşıyır...”

Oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim İlqar Murquzov jurnalistdən məhkəmə heyətinə etirazı olub-olmadığını soruşub. X.İsmayıl cavabında bunun onun üçün əhəmiyyət kəsb etmədiyini deyib:

“Mənim üçün fərqi yoxdur. Onsuz da Azərbaycan məhkəmə sistemində ədalətli hakim yoxdur. Əgər sizin öz səbəbiniz varsa, imtina edə bilərsiniz”.

Daha sonra X.İsmayıl məhkəmədən istintaq zamanı onun hüquqlarını müdafiə edən, sonradan AzadlıqRadiosu ilə bağlı cinayət işində şahid qismində dindirildiyindən vəkillikdən uzaqlaşdırılan Yalçın İmanovun onun müdafiəçisi kimi bərpa olunmasını istədi. Bildirdi ki, istintaqın ilk günündən Y.İmanov onun yanında olub deyə müdafiənin səmərəli təşkili üçün onun vəkil kimi müdafiəsinə ehtiyacı var.

Bilirəm ki, həqiqəti görmək və eşitmək ağırdır. Həbsim siyasi məqsədlidir.

Vəsatətə münasibət bildirən dövlət ittihamçısı Abbas Abbaslı bu işdə şahid qismində dindirildiyindən Y.İmanovun müdafiəçi kimi iştirakını qanunazidd hesab etdi və vəsatətin təmin olunmamasını istədi.

Vəsatət təmin olunmadı.

Buna da bax: İran raketləri: 500 metr dərinlikdə- [Video]

“TƏKCƏ MƏNİM QULAQLARIMA YOX, ÖZ BOĞAZINIZA DA HÖRMƏT EDİN”

Daha sonra vəkil Fəxrəddin Mehtiyev jurnalistin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında əyləşdirilməsi ilə bağlı vəsatət qaldırdı. Dedi ki, Xədicə İsmayılın vəkillə ünsiyyət, istədiyi anda məsləhətləşmək hüququ pozulur, bu da nəticədə keyfiyyətli müdafiə ilə təmin edilməsinə mane olur.

Vəsatətə X.İsmayıl da münasibət bildirdi:

“Siz gələnədək mən vəkillə məsləhətləşmək istədim. Vəkilimi qapının ağzında saxladılar, nəzarətçilər də yanında. Bununla da konfidensiallıq hüququm pozulur. Həm də mən sizi, xüsusən də prokuroru eşidə bilmirəm. Təkcə mənim qulaqlarıma yox, öz boğazınıza da hörmət edin, səs tellərinizi zorlamayın”.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən dedi ki, X.İsmayılın saxlandığı şüşə qəfəs Ədliyyə Nazirliyinin təlimatlarına uyğundur və orada əlverişli şərait var. Ona görə də vəsatətin təmin olunması üçün heç bir əsas yoxdur. Hakim də şüşə qəfəsin beynəlxalq standartlara uyğun olduğunu əsas gətirərək vəsatəti təmin etmədi. Bildirdi ki, vəkillə ünsiyyətə ehtiyac yarananda şərait yaradılacaq. X.İsmayıl vəkillə ünsiyyətə ehtiyacı olduğunu bildirdi və buna görə də məhkəmədə on dəqiqəlik fasilə elan olundu.

Bu zaman nəzarətçilərlə X.İsmayıl nəzarətçilər arasında narazılıq yarandı. Jurnalist vəkillə ünsiyyəti zamanı qapının bağlanmasını, nəzarətçilərin qapı arxasında qalmasını tələb etsə də, buna şərait yaradılmadı.

Buna da bax: Avropa Məhkəməsi: "Erməni soyqırımı" iddiasını danmaq cinayət deyil

“HAQLI OLDUĞUMA İNANIRAM”

Daha sonra vəkil Fəxrəddin Mehtiyev ikinci vəsatət qaldırdı. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istədi:

“Hazırki şəraitdə, elə istintaqın ilk günündən Xədicə İsmayılın həbsinə heç bir hüquqi əsasın olmadığı fikrindəyəm. Əvvəlki instansiya məhkəməsi bunu 2 arqumentlə əsaslandırıb: istintaqdan yayınma və istintaqa təzyiq. Xədicə İsmayıl ziyalı insandır, onun istintaqdan yayınması və ya istintaqa təzyiq etməsindən söhbət belə gedə bilməz. Onun ziyalılığını, qadınlığını nəzərə alaraq bu vəsatəti təmin etməyinizi istəyirəm”.

Həbsdə saxlanmağımın əsas səbəbi odu ki, yazı yazmayım, ictimaiyyətlə əlaqədə olmayım, jurnalist kimi fəaliyyət göstərə bilməyim.

Xədicə İsmayıl vəkilinin qaldırdığı vəsatətlə razılaşdığını dedi, amma bir məqamdan başqa:

“Söhbət mənim azadlığımdan, həm də dövlətin daha bir məhbusa xərclədiyi vəsaitə qənaət olunmasından gedir. İndiki məqamda qənaət xüsusi önəm daşıyır. Amma vəkilimlə bir məqamda razılaşmıram. Mənim qadın olduğumu nəzərə almayın. Çünki mən qadın kişi bərabərliyinə inanan biriyəm. İstintaqdan heç bir halda yayınmamışam, əksinə xaricdə olduğum zaman geri qayıtmışam, heç kimə təzyiq göstərməmişəm. İstəsəydim, bunu edə bilərdim, amma etməmişəm. Çünki özümün haqlı olduğuma inanıram. Həbsdə saxlanmağımın əsas səbəbi odu ki, yazı yazmayım, ictimaiyyətlə əlaqədə olmayım, jurnalist kimi fəaliyyət göstərə bilməyim. Elə həbsdə ikən ilk yazım yayılandan sonra karsa salınmağım, hər dəfə yazılarım yayılandan sonra mənə təzyiqlərin olunması...”

Buna da bax: Leyla Yunus: “Ciyərim parçalanır”

“HƏBSDƏ SAXLANMAĞIM SİYASİ MƏQSƏD DAŞIYIR..”

Hakim jurnalistin mikrofonunu söndürməklə sözünü kəsdi. Onu işin mahiyyəti üzrə danışmamaqda suçladı. Vəkilin təkidi ilə Xədicə İsmayıla fikrini tamamlamaq imkanı yaradıldı:

“Bunları ona görə deyirəm ki, həbsdə saxlanmağım istintaqdan yayınma ilə bağlı deyil, siyasi məqsəd daşıyır..”

Hakim mikrofonu yenə söndürdü və jurnalist fikrini tamamlaya bilmədi.

Daha bir vəsatət məhkəmə prosesinin qismən istintaqla aparılması ilə bağlı oldu. Fəxrəddin Mehtiyev istintaq və birinci instansiya məhkəməsində saysız-hesabsız vəsatətlərinin təmin olunmadığını dedi və əlavə etdi ki, bu vəsatətlər ittihamı darmadağın edən vəsatətlər idi. Əvvəlki instansiya məhkəməsində təkrar kompleks məhkəmə mühasibatlıq ekspertizasının keçirilməli olduğu halda buna əməl olunmadığını vurğuladı. İşin ədalətli araşdırılması üçün həmin vəsatətlərə apellyasiya məhkəməsinin baxmalı və təmin etməli olduğunu qeyd etdi.

Xədicə İsmayıl isə sadəlövh olmadığını və bu məhkəmənin də onların vəsatətlərini təmin etməyəcəyini bildiyini dedi. Bildirdi ki, iş tezliklə Avropa Məhkəməsinə çıxacaq:

"Mənim hüquqlarım həm istintaq zamanı, həm də birinci instansiya məhkəməsi tərəfindən pozulub. Mənə cinayət işinin tələb etdiyim səhifələri belə verilməyib. Bununla belə günahsızlığımı sübut etmək çətin olmadı. Məhkəmə bizim təqdim etdiyimiz iş üçün mühüm sənədləri belə qəbul etmədi ki, qəbul edəcəyi halda bu sənədlər cinayət işinə tikiləcəkdi. Birinci instansiya məhkəməsinin protokolları ilə məhkəmədən sonra tanış olmuşam. Orada 29 səhifədə mənim qeydlərim var, çünki protokollarda xeyli təhriflər mövcuddur. Hesab edirəm ki, birinci instansiya məhkəməsində olan qanunsuzluqları, həm də protokol saxtakarlıqlarını nəzərə alaraq məhkəmənin istintaq aparılmaqla keçirilməsini təmin etməlisiz. Çünki sizin əvvəlki məhkəmə protokollarına baxıb obyektiv qərar çıxarmaq imkanınız da yoxdur”.

Hakim vəsatətlərin heç birini təmin etmədi və işin məhkəmə baxışına verilməsi ilə bağlı qərar çıxardı. Növbəti proses oktyabrın 29-u saat 15:00-a təyin edilib.