Azərbaycanın Rusiyaya deportasiya etdiyi Xəyal Vasilyev orduya göndərilə bilər

Dövlət Miqrasiya Xidməti

Azərbaycanda Rusiya hakimiyyətinin sorğusu əsasında saxlanmış 20 yaşlı Xəyal Vasilyev artıq Rusiya Federasiyasına deportasiya olunub və hərbi xidmətə göndərilə bilər. Bu haqda "Sota" layihəsi xəbər yayıb.

Vasilyevin Rusiyaya deportasiyası haqda onu övladlığa götürmüş hüquq müdafiəçisi Qreqori Vinter açıqlama verib.

Vinterin sözlərinə görə, oxumaq-yazmaq bilməyən Xəyal hazırda Moskvada hüquq müdafiəçisi Svetlana Qannuşkinanın təşkil etdiyi sığınacaqda qalır. Gəncin yalnız Rusiya xarici pasportu var ki, o da Rusiya ərazisində işləmir.

Xəyal deportasiya vaxtı Bakı aeroportunda üç çanta şəxsi əşyasını qoymalı olub. Azərbaycan hakimiyyəti ona Moskvaya bilet alsa da, baqajın pulunu ödəməkdən imtina edib, - Vinter belə deyib.

Gənc noyabrın 16-da Sumqayıtdakı evinin yaxınlığında saxlanılıb. Elə həmin gün Bakıda məhkəmə onun Rusiyaya deportasiyası haqda qərar çıxarıb.

10 il əvvəl olanlar

Xəyalın qohumları onu 10 il qabaq Rusiyada uşaq evindən aparıblar. O, Rusiya vətəndaşıdır. 2006-cı ildə Vinter Vasilyev və atasını öz yanına yerləşdirib. Sonra ata uzunmüddətli həbsə düşüb, anası isə ondan imtina edib (bəzi mənbələrdə anasının Xəyal uşaq ikən öldüyü deyilir - red). Vinter bundan sonra Xəyalı uşaqlar üçün sosial sığınacağa verib.

Vinter Vasilyevin Azərbaycanda yaşayan nənə-babasını tapıb. Qəyyumluq sənədlərinin qeydiyyatı başlananda müvafiq orqanlar Xəyalı Çerepovets yaxınlığında uşaq evinə köçürüblər, onu uzun müddət orada gizli şəkildə saxlayıblar. Bunu Vinter deyir. Hüquq müdafiəçisi oğlanın yerini məhkəməyə müraciətdən sonra öyrəndiyini, qəyyumluq prosesinin 2013-cü ildə başa çatdığını söyləyir.

Vasilyevin qohumları ev sataraq oğlanı Azərbaycana apara bilsələr də, son 10 il ərzində ona vətəndaşlıq ala bilməyiblər.

"Vajnıye istorii" portalı bir müddət öncə yazıb ki, regional hakimiyyət orqanlarına Ukraynada müharibəyə cəlbetmə planı göndərilib. Təzə çağırışçıların sırası Rusiyada pasport almış miqrantlar, müflis olanlar, borclular, işsizlər, cəmiyyətin sosial baxımdan digər həssas təbəqələri hesabına doldurula bilər, - məlumatda deyilirdi.