Xəzərə lay suları axıdılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Tualetdən birbaşa Xəzərə: 'Heç kəsin vecinə deyil'

Xəzərə lay suları axıdılıb. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin uyğun qurumlarının araşdırması nəticəsində müəyyən edilib.

Hələ ötən həftə Neftçilərin Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı "Azneft" İstehsalat Birliyinin Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) işlədiyi dəniz sahəsinin səthində çirkli suların görüntülərini yaymışdı. Bundan sonra nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları vəziyyəti yerində araşdırıb.

"Turan" agentliyinin sorğusuna cavab olaraq Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, mütəxəssislər "Azneft" İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisində keçirilən monitorinq zamanı dənizin səthində neft ləkələrinin olduğunu müşahidə ediblər: "Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və NQÇİ-nin mütəxəssislərindən ibarət yaradılan Qrup tərəfindən bütün texnoloji proseslərə baxış keçirilib. Baxış zamanı müəssisədə formalaşan lay sularının düzgün idarə edilmədiyi, texnoloji proseslərdə nöqsanların olduğu müəyyən olunub".

N.Mahmudov bildirib ki, texnoloji proseslər zamanı ekoloji tələblərə riayət olunmadığı üçün idarənin rəisi 2 min 500 manat məbləğində cərimə edilib. Onun sözlərinə görə, bütün sistemin yenidən yoxlanılması və lay sularının düzgün idarə olunması üçün idarəyə müvafiq tapşırıqlar verilib.

Məsələyə, hələlik, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Azneft" İstehsalat Birliyindən münasibət almaq mümkün olmayıb.

SOCAR-ın "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quruda, 14-ü isə Xəzər dənizində yerləşir.