İyulun 4-də saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Məlumatda vurğulanır ki, yerin 20 km dərinliydə olan zəlzələnin maqnitudası 5.7-yə bərabər olub.
Bundan əvvəl Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilirdi ki, təkanların episentri Xaçmaz rayonunun 80 kilometrliyində olub.
Yeraltı təkanlar Azərbaycanın bir sıra rayonlarında, o cümlədən paytaxt Bakıda hiss olunub.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb
Zəlzələdən sonra xırda təkanlar, afterşoklar olur. Amma güclü zəlzələ gözlənilmir.
Bunu Turana Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda iyulun 4-də baş vermiş zəlzələdən sonra bildirib.
Onun sözlərinə görə, narahatlığa ehtiyac yoxdur.
Fövqəladə Hallar Nazirliyindən isə Turana bildirilib ki, ilkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Daxili İşlər Nazirliyindən də bildirilib ki, bəzi sosial şəbəkə səhifələrində dağıntılar və tələfatla bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.
Qeyd olunub ki, DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.
TƏBİB-dən də Turana bildirilib ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.
Qurumdan qeyd olunub ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Vurğulanıb ki, hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.