Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.
Nazirliyin Mətbuat xidmətinin yaydığı sənəddə yazılıb ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı, Sumqayıt və başqa şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirib: “Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu”
Buna da bax: Oruc Şirinov – 20 Yanvarda Azərbaycanı dünyaya bağlayan adamBəyanatda habelə qeyd edilib ki, 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb:
“Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu”
Bəyanat müəlliflərinin fikrincə, Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib:
“Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Tariximizin reallıqlarının düzgün təhlil edilməsi və qiymətləndirilməsi üçün 20 yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsi zəruridir. Bütün bu bəlaların əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları durub…”
Buna da bax: Lənkəranlı şahid: 'İki nəfəri yandırıb külə döndərdilər'XİN bəyanatın hesab edir ki, 30 il bundan öncə baş vermiş 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir:
“Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub”
Bəyanatın sonunda da oxuyuruq:
“ Öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır”
XATIRLATMA
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Sovet ordusu daha sonra Azərbaycanın Neftçala, Lənkəran kimi rayonlarına da daxil olub. O rayonlarda da itkilər olub. Ümumilikdə bu hadisələr nəticəsində 140-dan çox şəxs həlak olub, 744 nəfər yaralanıb. Üstəlik, 841 nəfərin həbs olunduğu bildirilir.
Həmin insanlar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi sayılırlar.