Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti avqustun 12-də Ermənistan Xarici İşlər Nazirliyinin ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla bağlı açıqlamasına münasibət bildirib.
Münasibətdə qeyd edilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı həmin üçtərəfli bəyanatı pozmaqda günahlandıran 11 avqust 2021-ci il tarixli bəyanatı onun üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir: "Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində "tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 Noyabr 2020 Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması" elan edilir, o cümlədən Azərbaycan ilə Ermənistan "tutduqları mövqelərində dayanırlar" qeyd olunur. Vurğulamaq istərdik ki, "dayanmaq" sözü bu və ya digər kontekstdə "qalmaq" mənasını vermir. Bu, həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir".
Sizin brauzer HTML5-i dəstəkləmir
Mətbuat xidməti əlavə edir ki, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi "Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu" olaraq müəyyən edilib. Qurumun vurğulamasına görə, üçtərəfli bəyanatın 4-cü bəndində isə xüsusilə qeyd edilir ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir".
Mətbuat xidməti sonra da xatırladır: "Beləliklə, üç tərəfin imzaladığı 10 noyabr 2020-ci il bəyanatının razılaşdırılmış ifadələri açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur".
Ermənistan XİN isə avqustun 11-də yaydığı bəyanatda deyirdi ki, 9 noyabr bəyanatında erməni qüvvələrin Dağlıq Qarabağdan çıxarılmasının təsbit edilməsini demək "aşkar saxtakarlıqdır". Qurumun iddiasına görə, bəyanatın birinci bəndində aydın deyilir ki, "...tərəflər mövqelərində dayanırlar".