Xocalı faciəsi ilə bağlı daha bir şəxsin həbs edildiyi deyilir

Raşid Beqlaryan

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xocalı faciəsinin daha bir iştirakçısının həbs edildiyini bildirir.

Xidmətin bununla bağlı noyabrın 20-də yaydığı məlumatda həmin şəxsin Raşid Beqlaryan olduğu bildirilir.

O, Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış əsirlərə və başqa şəxslərə işgəncə verməkdə şübhəli sayılır: "Beqlaryan Raşid Aramayisi Azərbaycan Cinayət Məcəlləsinin 112 (Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (İşgəncə), 115.2 (Müharibə qanunlarını pozma), 279.1(Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) və 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunaraq həbs edilib. İşgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb".

Hələlik, ittihamlara onun və vəkillərinin ayrılıqda münasibətlərini öyrənmək mümkün olmayıb.

Madat Babayan

Azərbaycan Xocalı faciəsi ilə bağlı araşdırma aparır

1992-ci il fevralın 26-da baş verən Xocalı faciəsi ilə bağlı yeni məlumatlar araşdırılır.

Bunu noyabrın 2-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlayıb.

DTX bildirir ki, bu ilin sentyabrında keçirilmiş "lokal xarakterli antiterror tədbirləri" nəticəsində terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Madat Babayan Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində saxlanıb.

"İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı, həmçinin bildirib ki, 1992-ci ilin fevralında Xocalı faciəsinin törədilməsində iştirakçı olub... Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib", - məlumatda vurğulanır.

M.Babayanın, habelə vəkilinin rəsmi açıqlamaya münasibəti bəlli deyil.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 31 il öncə baş verən Xocalı faciəsi zamanı 613 nəfər öldürülüb, 1275 insan əsir və girov götürülüb.

Buna da bax: Gözlənilən bir faciənin tarixçəsi…

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.