Azərbaycanda bu gün, fevralın 26-da Xocalı faciəsinin 30-cu ildönümü qeyd edilir.
Faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda yürüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də yürüşdə iştirak edib. Faciənin 30 illiyi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, 1991-ci ilin oktyabr ayından Xocalı şəhəri tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alıb. Vurğulandığına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalıya nəzarəti zorla ələ keçiriblər.
Buna da bax: Gözlənilən bir faciənin tarixçəsi…Açıqlamaya görə, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub:
“ 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca öldürüldü. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.”
Bakıda Xətai rayonunda ucaldılan Xocalı abidəsini ictimaiyyət nümayəndələri, siyasi partiya təmsilçiləri, sadə insanlar da ziyarət edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında sialahlı toqquşmalar baş verib.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Xocalı şəhəri daxil deyil) və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.