Rusiya Xodorkovskinin saytını bağlayır

Mixail Xodorkovski

Rusiyada medianı tənzimləyən dövlət qurumu keçmiş neft maqnatı və Kremlin qatı tənqidçisi Mixail Xodorkovskinin dəstəklədiyi internet saytını qara siyahıya salıb.

Roskomnadzor MBK Media saytını Rusiyada prezident seçkisinə dörd həftə qalmış baş prokurorluğun ricası ilə qara siyahıya daxil edib.

Roskomnadzor saytın bağlanması səbəbləri barədə heç bir detallara varmayıb.

MBK fevralın 21-də bildirib ki, saytın qara siyahıya salınmasına dair Roskomnadzordan heç bir rəsmi bildiriş almayıb.

Xəbər və təhlil materiallarını dərc edən bu portal 2000-ci illərdə Kremlin gözündən düşənədək Rusiyanın ən zəngin insanı olan Mixail Xodorkovski tərəfindən maliyyələşdirilir. O tərəfdarlarının inandığına görə saxta ittihamlarla məhkum edilərək ömrünün on ilini həbsxanada keçirib. Onun Yukos neft şirkəti buraxılıb və aktivləri Rusiyanın dövlət neft nəhəngi Rosneftə satılıb.

2013-cü ildə prezident Vladimir Putin tərəfindən əfv edildikdən bəri Avropada yaşayan Xodorkovski Açıq Rusiya kimi müxalifət qruplarını maliyyələşdirir.

Bu ayın əvvəllərində Roskomnadzor antikorrupsiya fəalı Aleksey Navalnının internet saytını bloklayıb.Navalnı qarşıdan gələn seçkidə Putinlə rəqabət aparmaq istəsə də, ona belə bir imkan verilməyib.

Roskomnadzor ötən ilin sonlarından bəri, 2015-ci il qanununa əsasən Kremlin siyasi narazılıq yaratmaqda ittiham etdiyi təşkilatların fəaliyyətinin məhdudlaşdırılması ilə məşğulıdur.

Hakimiyyət orqanları 2017-ci ilin dekabrında Açıq Rusiyaya aid bir neçə internet saytlarına girişi bloklayıb.

Amnesty International Rusiya hakimiyyət orqanlarının hərəkətini pisləyib və bildirib ki, Kreml Açıq Rusiyanı hədəfləməklə ölkədə azad fikir və plüralizmi boğmaq yolunu tutub.