Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmə imtahanlarının nəticələrinin builki tədris ilində müəllimlərin dərs yükünə ciddi təsir göstərdiyi bildirilir. Verilən məlumatlara görə, nəticələri zəif olan müəllimlərə 10 saatdan artıq dərs tapşırılmır. Bu halın bəzi məktəblərdə narazılıq yaratdığı deyilir.
«BİR HALDA Kİ, İMTAHAN NƏTİCƏSİ ƏSAS GÖTÜRÜLÜR...»
Yeni dərs ilinin başlanmasından 1 ay ötsə də, İmişlinin Xoşçobanlı kənd tam orta məktəbində 2-ci sinif şagirdlərinin əsas müəllimi müəyyən olunmayıb. 2005-ci ildən bəri bu məktəbdə işləyən Aygün Nağıyeva deyir ki, o, diaqnostik qiymətləndirmədə ixtisas fənni üzrə zəif nəticə göstərib:
«Bunu əsas götürərək məktəb direktoru məni dərsə buraxmaq istəmir. Özü də bu tələbi şifahi səsləndirir. Deyirəm, məni işdən azad etmirsinizsə, müvafiq əmri təqdim edin. Etmir. Amma bunun üstündən yerimə başqa işçi götürüb».
Aygün Nağıyevanın bildirdiyinə görə, yeni təyinat alan Günel Nağıyeva alitəhsilli olsa da, əvvəllər müəllim işləməyib, işə qəbulla bağlı keçirilən imtahanda keçid balı toplamayıb:
«Bildiyiniz kimi, müəllimlərin ilk dəfə işə qəbulu üçün keçid balı 36-dır. Bu xanım isə 31.3 bal yığıb. Bir halda ki, imtahan nəticəsi əsas götürülür, onda o xanım necə işə qəbul edilib? Ümumiyyətlə, bu nə dərəcədə ədalətlidir ki, 12 ilinin müəlliminin yerinə pedaqoji təcrübəsi olmayan birini təyin edəsən?».
«DİREKTORDAN ASILI HEÇ NƏ YOXDUR»
İlqar Əhmədov adına Xoşçobanlı kənd tam orta məktəbinin direktoru Azər Kərimov isə bildirir ki, o, özü də imtahan verərək direktor vəzifəsini tutub:
«İşə qəbul, dərs yükü ilə bağlı məsələlərdə demək olar ki, direktordan asılı heç nə yoxdur. Hər şeyi qanun, qərar, imtahanın nəticəsi tənzimləyir. Aygün Nağıyeva işdən azad edilməyib, sadəcə onun dərs norması azaldılıb. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, bu xanım əsas fənləri tədris edə bilməz. O ki qaldı həmin fənləri müqavilə əsasında keçməli olan şəxsin işə qanunsuz qəbulu ilə bağlı iddiasına, o, bu məsələdə də haqlı deyil. Düzdür, Günel xanım 36-dan az bal toplayıb. Amma uyğun namizəd olmadığı təqdirdə keçid balını yığmayanı da işə götürə bilərik».
«TƏHSİL NAZİRLİYİ DEYİR Kİ, MƏKTƏBƏ POLİS ÇAĞIR»
Yerli təhsil rəhbərlərinin qərarlarına baxmayaraq, Aygün Nağıyevanın deməsinə görə, faktiki olaraq yenə Xoşçobanlı kənd tam orta məktəbinin 2-ci sinfində əvvəlki qaydada bütün fənləri o, tədris edir. Direktor Azər Kərimov deyir ki, məsələni sakitliklə yoluna qoymaq istədiyindən ciddi tədbirlərə əl atmayıb:
«Mən Təhsil Nazirliyinə müraciət etmişəm, oradan deyiblər ki, əgər sözünü eşitmirsə, məktəbə polis çağır. Kənd yeridir, hər ikisi qadındır. İstəmirəm ki, məktəbin adına, müəllimlərin nüfuzuna xələl gəlsin. Ona görə də hər iki müəllimin ağsaqqalını, kəndin hörmətli adamlarını toplayıb, bunu danışıq yolu həll etmək istəyirəm».
DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏDƏN SONRA BƏZİ MÜƏLLİMLƏR XADİMƏ, OCAQÇI OLUB?!
Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, diaqnostik qiymətləndirmə müəllimlərin bilik və bacarıq səviyyələrini müəyyənləşdirmək, dərs yükü, əməkhaqqı normasını qaldırmaqla onların maddi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Nəticələri zəif olanlar inkişafyönümlü təlimlərlə cəlb edilir.
Yerli media orqanlarının yaydığı məlumata görə isə, diaqnostik qiymətləndirmənin nəticəsinə əsasən, Azərbaycanda yüzlərlə müəllim Aygün Nağıyevanın aqibətini yaşamaqdadır. Bu isə işə qəbul, dərs bölgüsündə sui-istifadə hallarına yol açıb.
«Yeni Müsavat» qəzetində yazılanlara görə, bəzi məktəblərdə direktorlar uğursuz nəticə göstərən müəllimlərdən rüşvət alaraq onları xadimə, yaxud digər texniki işçi kimi məktəbdə saxlayır və başqa şəxslərin adından dərsə buraxırlar.
Belə iddialara hələlik Təhsil Nazirliyindən münasibət bildirilməyib.
Azərbaycanda diaqnostik qiymətləndirmə imtahanlarının keçirilməsinə 2015-ci ildən başlanıb.