xural.com, arqument.az bloklandı

Ə.Zeynallı

Jurnalist Əvəz Zeynallının rəhbərlik etdiyi xural.com saytına Azərbaycan ərazisində giriş məhdudlaşdırıldı. Bu barədə avqustun 8-də Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayev qərar çıxarıb.

Qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında çıxarılıb.

Nazir iddia ərizəsində xural.com-un həmin portalda yayımlanmış dörd yazıya görə bloklanmasını istəyib. Söhbət «Elmar Vəliyevin yıxılması», «İndi bildiniz Sabunçu xəstəxanasına niyə ölüxana deyilir?», «Əvəz Zeynallı baş nazirin müavininin nəvəsindən yazdı: «O, zatən cəza çəkmirdi ki»»«Naxçıvan hökumətində daha bir şok - Baş nazirin müavini arvadbazlığa görə həbs olundu!» başlıqlı məqalələrdən gedir.

Ə.Zeynallı məhkəmədə bildirib ki, baş nazirin müavininin nəvəsi haqda yazı istisna olmaqla, digər üç materiallar başqa saytlarda getmiş, təkzib olunmamış yazılardır və xural.com onları istinadla verilib.

«Oxumadan onun adını iddiaya yazıblar»

Avqustun 8-də daha bir sayt - jurnalist Şəmşad Ağayevin rəhbərlik etdiyi arqument.az portalına da Azərbaycan ərazisindən giriş məhdudlaşdırılıb. Bu qərar da Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında verilib. Arqument.az-ın bloklanması qərarını hakim Elmar Rəhimov çıxarıb.

Məhkəmədə məlum olub ki, Ş.Ağayevə iddia ərizəsi verilməyib, o və vəkili ərizənin mahiyyətindən xəbərsizdir. Onlar iddia ilə tanışlıq və ona etiraz hazırlamaqdan ötrü məhkəmədən iki gün vaxt istəsələr də, hakim cəmi yarım saat verib.

Nazir arqument.az-ın orada yerləşdirilmiş iki materiala görə bloklanmasını istəyir. Saytın rəhbəri isə deyir ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub: «Materiallardan biri Lerik rayonunun üç kəndində susuz qalan vətəndaşların prezidentə şikayətidir. Lerikin icra başçısının müavini, «Azərsu»nun mətbuat xidməti də öz rəyini bildirib. Tam obyektiv materialdır. Görünür, yuxarıdan göstəriş gəlib ki, bu sayt da bloklansın, gözlərinə görünən material bu olub, oxumadan onun adını iddiaya yazıblar. Orada böhtan varsa, orada adları çəkilən tərəflər məhkəməyə müraciət etməliydi. Biz susuz qalan insanların səsini çatdırmışıq. Bu, artıq vicdan, mənəviyyat məsələsidir».

Məhkəmədə vəkil ekspertiza təyin olunması, nazirliyin tabeliyindəki Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşlarının dindirilməsi barədə vəsatətlər qaldırsa da, heç biri təmin olunmayıb.

Ş.Ağayev rəhbərlik etdiyi saytın bağlanması məsələsinin siyasi sifariş olduğunu söyləyib. Bildirib ki, məhkəmənin iddianı təmin edəcəyinə əmindir. Buna baxmayaraq, çıxışının sonunda hakim E.Rəhimova çağırış edib: «Tapşırığı icra etməyən hakim kimi tarixə düşə bilərsiniz. Eybi yox, qoy sizi həbs eləsinlər, amma peşənizə xəyanət etməyin. Hakimlik sizin üzərinizə ədalətli olmaq məsuliyyəti qoyur».

Hakim təxminən beş dəqiqəlik müşavirədən sonra iddianın təmin olunduğunu - saytın bloklandığını elan edib.

Xatırlatma

Avqustun 7-də Səbail Rayon Məhkəməsi az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.

Saytın rəhbəri Vüqar Qurdqanlı bildirib ki, bundan öncə Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edib ki, prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazı 8 saat ərzində silinməlidir.

Baş redaktorun fikrincə, tələb qanunsuz və anlaşılmaz olduğu üçün yazılar silinməyib.

Azərbaycanda saytların bloklanması 2017-ci ilin martından başlanıb. Belə ki, heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.