FHN: 'Daha bir nəfərin cəsədi çıxarılıb'

Xırdalanda partlayış. 26 yanvar 2021

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından daha bir nəfərin cəsədi çıxarılıb.

Bu barədə bu gün, yanvarın 26-da Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirlikdən açıqlamaya görə, dağıntılar altında qalan şəxs olmadığı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

"…Dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib", - ümumi məlumatda yazılıb.

Partlayışın qaz sızmasında baş verdiyi hesab edilir

Yanvarın 25-i, saat 19 radələrində Xırdalan şəhəri, 27-ci məhəllədə partlayışın baş verməsi ilə bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Məlumata görə, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib: "...1960-cı il təvəllüdlü Ziyafət Musayevaya məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən ikimərtəbəli evdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyiti aşkar edilib. Hazırda həmin evdə qalması ehtimal olunan mərhum Aytən Musayevanın qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın axtarışları davam etdirilir".

Məlumatda qeyd edilir ki, partlayış təsirindən həmçinin, yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb, orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəyib.

Məlumata görə, başlanılmış cinayət işi bu gün, yanvarın 26-da Cinayət Məcəllənin 225.3 və 308.2-ci maddələrinə tövsif edilib.

Partlayışda xəsarət alanlardan bəzisi evə buraxılıb

Abşeron rayonu, Xırdalan şəhəri, "27-ci məhəllə" adlanan ərazidəki ikimərtəbəli binada partlayış nəticəsində xəsarət alanlardan xəbər var. Onlardan 4-ü evə buraxılıb. Ümumilikdə bu hadisə nəticəsində 6 nəfər Abşeron rayon Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasına müraciət edib.

Bu barədə stansiyanın şöbə müdiri əvəzi Aygün Məmmədova danışıb. Onun deməsinə görə, vəziyyətləri kafi olduğu üçün 4 nəfər evə buraxılıb. "Hazırda isə xəsarət alanlardan 2 nəfər Respublika Kliniki Xəstəxanasında (keçmiş Respublika Xəstəxanası) müalicə olunur", - A.Məmmədova bildirib.

Dağıntı altından bir nəfərin cəsədi çıxarılıb

Abşeron rayonu, Xırdalan şəhəri, "27-ci məhəllə" adlanan ərazidə partlayış baş verən ikimərtəbəli fərdi yaşayış evində axtarış-xilasetmə zamanı dağıntı altından bir nəfərin cəsədi çıxarılıb.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi ( FHN) yanvarın 26-sı gecə saatlarında yayıb.

Nazirlik bundan əvvəl 6 şəxsin dağıntılar altından çıxarıldığını açıqlamışdı.

6 nəfər xəstəxanaya yerləşdirilib

Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Report-un məlumatına görə, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.

Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə də, dağıntı altında

xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

“Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək ”,nazirlik bildirir.

***

Nazir müavini Etibar Mirzəyev dağıntı baş verən ərazidədir

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə partlayış baş verən ikimərtəbəli fərdi yaşayış evində axtarış-xilasetmə əməliyyatı davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin növbəti məlumatında bildirilir:

“Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək”.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidəki ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışla bağlı əlavə məlumat yayıb:

“Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.”

Nazirlik bildirir ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, yanvarın 25-də axşam saatlarında Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi evdə partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub:

“Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir”

Hadisənin baş vermə səbəbi, hələlik, açıqlanmır.