Xəlil Rzanın ailəsini onun kitabına görə aldadıblar

Xəlil Rza

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Mirzə Şəmsiyev adamları aldadıb pullarını mənimsəməkdə suçlanır. Onun işində zərərçəkmiş isə Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Xəlilovadır.

Cinayət işinin materiallarında yazılıb ki, təqsirləndirilən M.Şəmsiyev X.R.Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirmək adıyla mərhum şairin həyat yoldaşından 3 min 900 manat pul alıb. Amma nə kitab nəşr olunub, nə də pul qayıdıb. Ona görə də F.Xəlilova polisə şikayət edib.

«Xəlil Rzanın yubileyi yaxınlaşırdı. Bu münasibətlə mən onun şeirlərini nəşr etdirmək istəyirdim. Mirzə Şəmsiyevi də əvvəldən tanıyırdım. Dedi ki, kitabı çıxarmaq üçün 4 min manat pul lazımdır. Ona 3 min 900 manat pul verdim. Yubileyə az qalmışdı, amma kitablar hazır deyildi. Ona zəng eləyirdim, cavab vermədi. Axırda məcbur olub polisə şikayət etdim. Məlum oldu ki, tək mənə yox, başqalarına da nə qədər pul borcludur», – zərərçəkmiş ifadəsində bildirib.

Təqsirləndirilən M.Şəmsiyev bu məsələdə özünü qismən təqsirli bilib. Deyib ki, onun şairin ailəsini aldatmaq fikri olmayıb: «Pulu vermişdim nəşriyyata, çap etdirmək üçün danışmışdım, alınmadı. Pulu qaytaracam...».

M.Şəmsiyev kitab çapı üçün aldığı pulun bir qismini qaytarmışdı, 1700 manat qalmışdı. Mayın 14-də məhkəmədə məlum olub ki, qalan pulu da qaytarıb və tərəflər arasında barışıq olub. F.Xəlilovanın artıq ondan şikayəti yoxdur.

Amma M.Şəmsiyevin işində başqa zərərçəkmişlər də var. Onların işə düzəlmək üçün pul verib aldandıqları iddia olunur. Həmin zərərçəkmişlərə vurulan ziyanın məbləği isə ümumilikdə 100 min manata qədərdir.

Təqsirləndirilən şəxs digər zərərçəkmişlərə vurulan ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib. Bu iş üzrə məhkəmə mayın 18-də davam edəcək.