““EuroHome” tikinti materialları bazarı-nda təmir-bərpa işlərinin dayandırması haqqında xəbərlər əsassızdır”
Bunu “ Turan” İnformasiya Agentliyinə həmin şirkətdən bildiriblər.
Halbuki, APA agentliyinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyib ki, qanunvericiliyin tələbləri pozulduğundan yanan bazarda aparılan tikinti-quraşdırma işlərinin dayandırılmasına qərar verilib.
Xəbərə görə, Elnur Babayev bildirib ki, yanğın təhlükəsizliyinə əməl olunmaması “EuroHome”da baş vermiş yanğının qısa zamanda geniş sahəyə yayılmasına, obyektin sahibinə və ticarət sahələrini icarəyə götürmüş şəxslərə külli miqdarda maddi ziyanın dəyməsinə səbəb olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Şöbə rəisi qeyd edib ki, bu normativ tələb obyektin layihə sənədlərində nəzərdə tutulmalı və inşası zamanı nəzərə alınmalı idi.
Şirkət nümayəndəsi "Turan"a müsahibəsində yanvarın 3-də nazirlik təmsilçilərinin ticarət mərkəzinə gəldiyini təsdiqləyib və deyib ki, bu zaman iş həmişəlik deyil müvəqqəti dayandırılıb.
“Onların mərkəzdə olduğu 2 saat ərzində təmir bərpa işləri dayandırıldı, baxış keçirdilər. Təmir-bərpa işlərinin yanğın təhlkəsizliyi tələblərinə cavab verməsi şərtlərini bir daha vurğuladılar. Yəni mağazaların kərpic, daş materiallarından istifadə olunmaqla tikilməsi, yanğın baş verdikdə tez söndürlüməsi üçün su vurmaqdan ötrü kranların sayının artırılması şərtlərini yada saldılar. Şirkət artıq daş, kərpic materiallarını alıb, elə dünən, yanvarın 3-ü günortadan sonra təmir-bərpa işləri davam edir və dayanmayıb”
Şirkət təmsilçisinə görə, nazirlik bu şərtləri onlara indi yox, yanğından bir neçə gün sonra təmir-tikinti işləri yenicə başlayanda deməli idi.
“Amma gec də desələr təmir-bərpa işləri nazilriyin şərtləri çərçivəsində həyata keçirir”, deyə bildirilib.
Şirkət əməkdaşının deməsinə görə, yanğına qədər də mərkəzin su hövzəsi olub, su kranları da qoyulub, indi isə bu kranların sayı daha da artırılır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Dekabrın 10-da Bakının Binəqədi rayonundakı «EuroHome» tikinti materialları bazarı ərazisində (Xırdalan dairəsinə yaxın) yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb.Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilir.
“EuroHome” şirkətindən bildirmişdilər ki, ziyan görən mağazalar təmir ediləcək və icarədarlar başqa yerlərlə təmin ediləcək.Şirkətdən üstəlik, vurğulamışdılar ki, həmin müddətdə onlardan icarə haqları da alınmayacaq.
Yanğından sonrakı günlərdə həmin bazarda mağazaları yanan icarədarlar isə dəfələrlə aksiyalar keçiriblər.Onlar hətta bir dəfə bir neçə dəqiqəlik Bakı-Sumqayıt yolunu bağlayaraq dövlətin onlara kompensasiya ödəməsini istəyiblər.İcarədarlardan kimisi 100, kimisi də 300 min manat ziyana düşdüklərini iddia ediblər.Bəzi icarədarların vurğulamasına görə, malları nisyə götürüblər, hazırda mal sahibləri onlardan borclarının ödənilməsini tələb edirlər.İcarədərlar onu da qeyd ediblər ki, onlara ancaq Prezident İlham Əliyev və Birinci vise-prezident Mehriban Əliyevə kömək edə bilər.
Prezident İlham Əliyev isə bundan bir qədər sonra, dekabrın 19-da keçirdiyi müşavirədə ad çəkmədən deyib: “Ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin”
Prezident daha sonra da bunları əlavə edib:
“Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir...”