Hakim Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bununla bağlı qərar YAP İdarə Heyətinin bu gün, dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
İ.Əliyev YAP sədridir. O, 2003-cü ildən Azərbaycanda prezidentdir. Buna qədər ölkədə onun qələbəsi ilə yekunlaşan dörd prezident seçkisi keçirilib.
Azərbaycanda 2009-cu ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra bir şəxsin iki dəfədən çox ardıcıl prezident seçilməsinə qoyulan məhdudiyyət götürülüb.
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Hələlik, digər siyasi partiyalardan namizədini rəsmən açıqlayan olmayıb. Müxalifət partiyalarında müzakirələr davam edir.
Xatırlatma
Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər. Bəzi müxalifət partiyaları isə bunu "qəfil seçkilər" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan ediblər.
Azərbaycanda son prezident (2018) və parlament (2020) seçkiləri də vaxtından əvvəl - növbədənkənar keçirilib. Hakimiyyət bunu islahatların sürətləndirilməsi məqsədilə izah edib.