Yaponiyada keçmiş baş nazir güllələnib

Xəstəxanaya aparılan Ş.Abe, son məlumatlara görə, kliniki olaraq ölü elan edilib.

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe sui-qəsd cəhdindən sonra xəstəxanada vəfat edib. Bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

+++

Yaponiyanın qərbindəki Nara şəhərində naməlum silahlı şəxs keçmiş Baş nazir Şinzo Abeyə atəş açıb.

Abenin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Polis sözçüsü bildirib ki, siyasətçinin ürəyi dayanıb. Bu məlumatın rəsmi təsdiqi yoxdur.

Yaponiya hökumətinin katibi Hirokadzu Matsuno jurnalistlərə Abenin vurulduğunu təsdiqləsə də, keçmiş baş nazirin vəziyyəti ilə bağlı, hələlik, heç nə məlum olmadığını deyib.

NHK telekanalı və "Kiodo Susin" xəbər agentliyinin məlumatına görə, Ş.Abe Yaponiya parlamentinin yuxarı palatasına seçkilərdə partiyasının namizədini dəstəkləmək üçün Nara vağzalı yaxınlığında keçirilən mitinqdə çıxış edərkən kürəyindən iki güllə yarası alıb. Yaralanandan sonra keçmiş baş nazir huşunu itirib. Hadisə şahidlərindən biri bildirib ki, siyasətçinin ürəyi masaj edilib. Xəstəxanaya aparılan Ş.Abe, son məlumatlara görə, kliniki olaraq ölü elan edilib.

Hücum edənin Nara şəhərinin 41-yaşlı sakini Tetsuya Yamaqami olduğu açıqlanıb. O, adam öldürməyə cəhddə şübhəli bilinərək həbs edilib. Hücumun motivi, hələlik, məlum deyil. İlkin məlumatlara görə, o, əldəqayırma ov tüfəngi ilə Ş.Abeni kürəyindən vurub. Silah müsadirə edilib. Yerli mətbuat yazır ki, T.Yamaqami Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş qulluqçusudur.

67-yaşlı Şinzo Abe 2020-ci ildə baş nazir postunu tərk edib. Lakin Yaponiyanın hakim Liberal Demokrat Partiyasında güclü fiqur sayılır.