Yardımlı meşəsində yanğın davam edir
Yardımlı rayonu, Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələrinin, Mülki Müdafiə Qoşunlarının, Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.
Yanğın mürəkkəb dağ relyefi şəraitində baş verdiyindən onun söndürülməsində, əsasən, əl əməyindən istifadə olunduğu, amma avqustun 3-də səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopterinin yanğınsöndürmə işlərinə cəlb olunduğu bildirilir.
+++
Yardımlı rayonunun Honuba kəndi yaxınlığında meşə zolağında yanğın başlayıb.
Bu barədə avqustun 2-də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, habelə yerli sakinlər yanğının söndürülməsinə cəlb olunub: "İlkin məlumata əsasən, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır".
Bildirilib ki, ərazi mürəkkəb relyefli dağlıq ərazidə yerləşir. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlərin davam etdirildiyi qeyd olunur.