Yaz gəldi, Novruz bayramıdır

Səməni

Azərbaycana yaz gəlib. Bu il yaz fəslinin qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edib. Bununla da gecə ilə gündüz bərabərləşib.

İyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız gələcək. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Onda da Günəş üfüqdən ən minimum nöqtədə olacaq və onun şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.

Azərbaycan da daxil dünyada bir sıra xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlayıb, bayram edirlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Novruz ovqatsız Bakı

Bu bayrama qədər, adətən, dörd Novruz çərşənbələri qeyd olunur. Bu çərşənbələrin ilki olan Su çərşənbəsi bu fevralın 25-də, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-də, sonuncu Yer və ya Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunub.

Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd edilir, martın 20-29-u ölkədə qeyri-iş günləridir.

Bu bayram həmişə kütləvi el şənlikləriylə qeyd edilib. Amma bu il koronavirus infeksiyasının (COVID-19) yayıla bilməsi təhlükəsiylə bağlı Azərbaycanda bütün kütləvi tədbirlər, Novruz şənlikləri ləğv edilib.