31-yaşlı şair Ruzbeh Məmməd 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinə müraciətindən sonra Prezident təqaüdü alanların siyahısına düşüb. Şair təqaüdün məbləğindən və bir illiyə verilməsindən narazı qalsa da, hazırkı durumda bu ödənişi "boğulan adam üçün saman çöpü" sayır.
Prezident təqaüdü – "Boğulan adam üçün saman çöpü də bir tutacaqdır"
Ruzbeh Məmməd 13 ildən çoxdur şeir yazdığını deyir. Bugünə kimi üç kitabı çapdan çıxmış şairin fikrincə, qonorar sistemi inkişaf edənə, şairlərin işinə verilən dəyər artana kimi bu təqaüdün olması labüddür.
Buna da bax: 'Heydər Əliyevə demişdim ki, AYB kimi quruma ehtiyac yoxdur...'"Azərbaycan Yazıçılar Birliyi tərəfindən gənc və yaşlı yazarlara 200-300 AZN məbləğində birillik Prezident təqaüdü ayrılır. Bu təqaüdü bir neçə il öncə almışam. Təqaüd alanların böyük əksəriyyətinin yazdıqları amansızcasına zəifdir, heç ədəbiyyata dəxili yoxdur", – deyən şair qonorar sisteminin zəif inkişaf etdiyi bir dönəmdə prezident təqaüdünü "yazıçı üçün bir müddətlik nəfəslik" adlandırır.
"Elə bilin ki, boğulan adam üçün saman çöpü də bir tutacaqdır. Bunun davamlı verilməsi, təbii, mümkün deyil. Amma müsabiqə yolu ilə, seçim imkanı ilə vaxtını artırmaq, yenidən vermək olar", – AzadlıqRadiosuna müsahibəsində Ruzbeh Məmməd deyib. 200 manatlıq təqaüdü 500-600 manata qaldırmağı təklif edən şairin fikrincə, bu halda ədib azı bir il işdən ayrıla, o vəsaiti xərcləyərək "sanballı" əsər yaza bilər.
Təqaüdə ehtiyacı olanlar...
100-ə yaxın kitab müəllifi olan Əlisa Nicat da bir müddət öncə AzadlıqRadiosuna müsahibəsində Prezident təqaüdü üçün müraciətlərin cavabsız qalmasından gileylənmişdi: "Təqaüd üçün Azərbaycan Yazıçılar Birliyinə heç vaxt müraciət etməmişəm. Özümə sığışdıra bilmərəm. Sadəcə üç dəfə prezidentə məktub yazmışam. Bunun birini də Yazıçılar Birliyinə göndərmişdilər. Yazıçılar Birliyi Prezident təqaüdü almağıma razı idi. O zaman Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə idi. O demişdi ki, Əlisa Nicat bizim adam deyil, mən burada olduğum müddətcə o, təqaüd almayacaq. "Bizim adam" dedikdə isə tərif yazmamağıma işarə vururdu".
Fatma Abdullazadənin bu fikirlərə münasibəti bəlli deyil.
35 ildir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olan Xalq yazıçısı Anar Rzayev isə AzadlıqRadiosuna bildirib ki, Prezident təqaüdünə təqdim olunan siyahı ədalətli şəkildə seçilir: "Səkkiz-doqquz ildir ki, hər il apreldə siyahı təqdim olunur və 50-si yaşlı, 20-si gənc olmaqla, ümumilikdə 70 yazara Prezident təqaüdü verilir. 200-dən çox ərizə içərisindən 70 nəfər seçilir ki, bu da müxtəlif kateqoriyalara əsasən təyin edilir. Daha çox xidmət edən, bu yardıma ehtiyacı olanlar seçilir. Bəzən əvvəlki illərdə müraciət edib ala bilməyən şəxslərə də bu təqaüd ayrılır. Ala bilməyənlər bəzən seçimin ədalətsiz olduğunu düşünür. Bu, belə deyil. Prezident təqaüdü barədə seçimlər ədalətli aparılır".
Prezident təqaüdü alanların sayı
2022-ci ilin əvvəlində Azərbaycanda 300 minə yaxın insan (299 min 286) prezident təqaüdü alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarında bu göstəricinin 2009-cu ildən bugünə kimi ardıcıl artdığını görmək olur.
Prezident təqaüdü əlilliyə və sağlamlıq imkanları məhdudluğa, yaşa və ailə başçısını itirməyə görə, "Xalq" fəxri adına, "Əməkdar" fəxri adına görə mədəniyyət xadimlərinə, universitetə qəbul imtahanında yüksək bal toplayanlara aylıq sosial müavinət təyin olunaraq ödənilir. Bir sıra digər qruplara birdəfəlik sosial ödənişlər verilir.
Hazırda Prezident təqaüdü alanlar arasında ilk sırada müharibə veteranları dayanıb ki, onların sayı 91 min 519 nəfərdir. İkinci yeri isə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslər tutur, onların sayı 55 min 591 nəfərdir.
Buna da bax: 75 manat təqaüd alan tələbə necə dolanır?
Siyahıda tək sayı göstərilməyən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alanlardır. Prezidentin fərdi təqaüdü yalnız İlham Əliyevin sərəncamı ilə təyin edilir, məbləği 1 min 450 manatdır.
Prezident təqaüdünün ən yüksək məbləği 2 min manatdır, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər üçün birdəfəlik ödənişdir.
Prezident təqaüdü alanlar arasında bir nəfərə düşən orta aylıq məbləğ 117.89 AZN-dir. Ən az təqaüd məbləği 80 manatdır ki, bu da, əsasən, müharibə veteranlarına verilir.
Fəxri adlara görə aylıq təqaüdlər də "Xalq" fəxri adına görə 180 manat, "Əməkdar" fəxri adına görə isə 120 manatdır.
Fərqli adda, az məbləğdə təqaüdlər korrupsiya aləti kimi...
İqtisadçı Rəşad Həsənov Azərbaycanda sosial yardım hesab edilən pensiya, müavinət və təqaüdləri "ucube sistem" adlandırıb. (Azərbaycanca "əcaib şəkildə qəribə sistem" anlamını verir – red.) Həsənov qeyd edir ki, ölkədə pensiyalar, müavinətlərin məbləği yetərincə artırılsa, eyniadlı təqaüdlər, məsələn, əlilliyə görə həm adi, həm də Prezident təqaüdü verilməsi ləğv edilə bilər: "İnsanların pensiya və müavinətlərin məbləğindən narazılığını nəzərə alaraq Prezident təqaüdü verilir. Düşünülüb ki, imkan var, təbliğat üçün yaxşı vasitədir. Azərbaycanda neft sahəsindən gəlirlərin mütəmadi olduğu dönəmdə bu təqaüd qüvvəyə mindi. Düzdür, pensiya və müavinətdən fərqli olaraq təqaüdün əhatə dairəsi nisbətən dardır. Məsələn, əlilliyi olan hər kəs pensiya ala bilər, amma Prezident təqaüdü, əsasən, döyüş zamanı yaranan əlilliklə bağlıdır".
Buna da bax: Aktyor prezidentin verdiyi mənzil haqda danışırHəsənov Prezident təqaüdünün verilməsinin hüquqi bazası olmamasına diqqət çəkir. Buna görə də bu təqaüd istənilən vaxt dayandırıla bilər.
"Məsələn, neft gəlirləri, ya da Ehtiyat fondunda olan pul azalsa, təqaüdün verilməsi dayandırıla bilər və çətin prosedur olmayacaq. Pensiya isə belə deyil, çünki davamlı mexanizmə söykənir. Sual olunur ki, bəs niyə pensiya artırılıb eyniməzmunlu təqaüd ləğv edilmir? Səbəbləri çoxdur. Eyni adda iki təqaüd var, amma ikisi də azdır, amma "dövlət əlavə yardım edir" görüntüsü yaratmaq üçün sistemi dəyişmir. Birincisi, burada korrupsiya aləti ola bilər, belə ki, təqaüd ancaq xüsusi insanlara verilə, ya da pulun sadəcə silinməsi məqsədi ola bilər. Heç bir hüquqi əsası olmadığından şikayət edən olmayacaq. Ya da təqaüd 100 nəfər üçün ayrıla, amma 50-sinə verilə, qalan pul isə mənimsənilə bilər", – ekspert bildirib
Prezidentin istəyinə bağlıdır, qanunla tənzimlənmir
Vəkil Əsabəli Mustafayev Qərb ölkələrində sənət, ədəbiyyat adamlarının dövlətdən dəstək almaq ənənəsinin olmadığını vurğulayır, dövlətdən kömək almaq ənənəsinin keçmiş sovet dövlətlərinə xas olduğunu deyir: "Xarici ölkələrdə incəsənət, mədəniyyət xadimləri əksər hallarda işləri ilə yaxşı pul qazanır, ehtiyac olanda isə müvafiq qurum özü həll edir. Məsələn, bəstəkarın pula ehtiyacı varsa, Bəstəkarlar İttifaqı kömək edir. Dövlətdən yardım almaq ənənəsi yoxdur, heç xalq özü də razı olmaz ki, verdiyi büdcədən başqasına xüsusi yardım edilsin. Aidiyyəti üzrə fondlardan dəstəklər olur, dövlətdən yox".
Təqaüdə ehtiyac olunmayan sistem lazımdır
İqtisadçı ekspert Natiq Cəfərli də şairlərin, sənətkarların, mədəniyyət və incəsənət xadimlərinin pul qazanması üçün adekvat sistem qurulmasını vacib sayır.
"Azərbaycanda qonorar sistemi yoxdur, müğənniləri, necə deyərlər, toylar saxlayır, müəlliflik hüquqları təmin edilmir. Ölkədə azad bazar qurulmalıdır. Daha sonra müəssisələrdə qonorar sistemi yaradılmalıdır. Düşüncə məhsullarının satışı üçün münbit şəraitə ehtiyac var. Qərb ölkələrində iqtisadiyyatın bu qolu düzgün qurulub deyə, dövlət təqaüdü yoxdur. Bəzi hallarda qrantlar verilir, bu da miqyası böyük olan işlərdə incəsənət və mədəniyyət xadiminə dəstək niyyəti güdür, çünki həmin işlə ölkənin tanınmasına da yardım edilir. Dövlətdən təqaüd məsələsi postsovet ölkələrinə aiddir ki, bu da iqtisadiyyatda olan boşluqdan yaranan məqamdır", – iqtisadçı bildirib.
2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 415 milyon 900 min manat vəsait proqnozlaşdırılıb. Bu, 2022-ci illə müqayisədə 18.4 faiz çoxdur. Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 13.3 faiz, ÜDM-də xüsusi çəkisi isə 4.2 faiz təşkil edəcək. Növbəti ildə dövlət büdcəsində ünvanlı sosial yardımların verilməsi məqsədilə 277.7 milyon manat vəsait nəzərdə tutulub.