Rusiyada müxalifətçi İlya Yaşin deyir ki, həbsdəki siyasətçi Aleksey Navalnıya dəstəyinə görə sentyabr seçkisinə buraxılmır. Hakimiyyət Navalnının şəbəkəsini “ekstremist” adlandırır.
Yaşin Facebook-da yazıb ki, Moskva Şəhər Dumasına seçkilərə görə sənədlərini təqdim edib. Seçki Komissiyası isə ona bildirib ki, “ekstremist fəaliyyətlə məşğul olan şəxs” kimi tanınır və seçkilərdə iştirakına icazə verilməyəcək.
O bu addımı Prezident Vladimir Putinin açıq tənqidçisi Navalnıya dəstəyinə görə qisasçılıq hesab edir.
Yaşin apelyasiya şikayəti verəcəyini, amma qərarın dəyişəcəyinə inanmadığını vurğulayıb.
Sentyabrın 19-da Rusiyada parlamentin aşağı palatası olan Dövlət Dumasına və 39 regional parlamentə, eləcə də doqquz region qubernatoru ilə bağlı seçkilər keçiriləcək.
Kreml seçkiöncəsi müxalifət xadimlərinə və müstəqil mediaya divan tutur.
Navalnı isə hazırda həbsdədir. Özü və tərəfdarları ittihamları siyasi motivli sayır.