Prokurorluqdan Yeganə Əmiraslanova ilə bağlı açıqlama

Yeganə Əmiraslanova, 28 yanvar 2011

Baş Prokurorluğun Mətbuat Xidməti Almaniya vətəndaşı, bu günlər Bakıda saxlanıb buraxıldığı deyilən Yeganə Əmiraslanova ilə bağlı AzadlıqRadiosunun sorğusuna cavab verib.

Cavabda bildirilib ki, Avropa ölkələrinə Azərbaycan vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olan məlumatların yoxlanılması üçün o, şahid qismində dindirilib: "Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməyib və axtarışa verilməyib".

Xanım mühacir sərbəst buraxıldığını deyir

Almaniyada yaşayan keçmiş deputatlığa namizəd və İctimai Palatanın üzvü Yeganə Əmiraslanovanın Azərbaycan paytaxtı Bakıda saxlanıb, sonra da buraxıldığı deyilir.

Bu barədə məlumatı o da təqsdiqləyib. Bakı Şəhər Prokurorluğunda 3-4 saat dindidildiyini söyləyən xanım, amma detallı danışmaq istəməyib.

O, yalnız əlavə edib ki, Bakıya xəstə ailə üzvünə baş çəkmək məqsədilə gəlib

Hələlik, onun dediklərinə Bakı Şəhər Prokurorluğundan da münasibət almaq mümkün olmayıb.

Mühacirin Bakıda saxlandığı deyilir

İllərdir Almaniyada yaşayan keçmiş deputatlığa namizəd və İctimai Palatanın üzvü Yeganə Əmiraslanovanı Azərbaycan paytaxtı Bakıda hüquq mühafizə orqanlarının saxladığı deyilir.

Bu barədə "Turan " İnformasiya Agentliyinə məlumat verən Y.Əmiraslanovanın yaxınları bildirib ki, o, dünən iyulun 29-da Almaniyadan Bakıya gələrkən Heydər Əliyev adına hava limanında saxlanıb. Yaxınları əlavə edib ki, Yeganə Əmiraslanova Almaniya vətəndaşıdır.

Hazırda yaxınları Y.Əmiraslanovanın harada olduğunu bilmirlər.

Məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğundan münasibət öyrənmək, hələlik, mümkün olmayıb.