Bankda çənəsinin qırıldığını söyləyən vətəndaş: 'Bank müdirindən elə hərəkət gözləməzdim...'

Rentgen nəticəsində çənəsinin qırıldığını öyrənib.

Rentgen nəticəsində çənəsinin qırıldığını öyrənib.

Bakı sakini Təbriz Quliyev "Yelo Bank"ın metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən filialında zorakılığa məruz qaldığını deyir. O, AzadlıqRadiosuna danışır ki, bankda xidmətin yubanmasına mədəni şəkildə etirazını bildirərkən filial müdiri Zaur Mirzəzadə onu döyüb və iki yerdən çənəsini qırıb. İndi bu olayla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma gedir.

Hadisə martın 4-də saat 14:30 radələrində yaşanıb: "53 saylı notariusda alqı-satqı elədik, daha sonra bank əməliyyatı olmalıydı. Dostum da yanımda idi. İki saat gözlədik, yubadırdılar. Mədəni şəkildə filial müdirinin qapısını döydüm, kömək istədim. Dedi ki, yubanma bizlik deyil, mərkəzi ofisin problemidir".

"Orada kameralar da var..."

T.Quliyevin sözlərinə görə, yubanma davam etdiyindən bir müddət sonra dəhlizdə belə halların başqa banklarda yaşanmadığı barədə dostuyla öz aralarında danışıblar. Filial müdiri bu söhbəti eşidib: "Dedi, sən kimsən ki bizi başqa banklarla müqayisə edirsən? Orada kameralar da var, ortaya qoyulsa, görünər ki biz artıq söz demədik. Mühafizəni çağırdı ki, bizi çıxarsınlar. Elə çıxmaq istəyəndə qoluma girib, məni dartdı. Bank müdirindən elə hərəkət gözləməzdim. "Əlini çək" dedim. Bu zaman sifət nahiyəmdən möhkəm zərbə vurdu. Dərhal adamlar gəlib ayırdılar".

Bir qədər sonra çənə nahiyəsində möhkəm ağrı hiss etdiyini deyən T.Quliyevin sözlərinə görə, öncə evinin yaxınlığındakı 11 saylı poliklinikaya gedib. Rentgen nəticəsində çənəsinin qırıldığını öyrənib. Əmin olmaq üçün özəl xəstəxanalardan birinə də üz tutub və oradan da eyni cavabı alıb.

Başına gələnlərlə bağlı Yasamal rayonu, 27-ci polis bölməsində izahat verdiyini vurğulayan T.Quliyev ekspertizadan da keçib: "Təhqiqatçı ilə əlaqə saxladım, dedi ki, iş istintaqa gedir. Yəni cinayət işi başlanır. Qarşı tərəf iddia edir ki, guya mən kimisə təhqir etmişəm, ona görə insident yaranıb. Orada kameralar var, qoysunlar ortaya. Mənim 38 yaşım var, həmişə addımlarıma fikir vermişəm, bir dəfə də polisə düşməmişəm".

"Ekspertizalar təyin edilib"

T.Quliyev əlavə edib ki, hazırda ağrılardan əziyyət çəkir, qidalanmaq, hətta danışmaq da ona problem yaradır. Qidanı yalnız maye şəklində qəbul edə bilir.

"Yelo Bank"ın filial müdiri Z.Mirzəzadədən onun ünvanına səslənən ittihamlara münasibət öyrənmək mümkün olmayıb.

"Yelo Bank"ın açıqlamasında isə iddia olunur ki, sözügedən filialda belə hadisə baş verməyib: "Yayılan məlumatlarla bağlı hazırda hərtərəfli araşdırma gedir, iddia olunan məsələ ilə bağlı banka aid bir nüans olarsa, mütləq ictimaiyyətlə bölüşəcəyik".

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hazırda məsələnin araşdırıldığını təsdiqləyib: "Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".