Kasıbsansa, həbsdə nə yeməli olacaqsan...

İllüstrasiya

►"İlham Əliyevin, Heydər Əliyevin, Mehriban Əliyevanın ad günlərində aş yeyirdik."

... Gəncə Təcridxanasının qarşısı. Saat 10-dur. 4-5 qadın, kişi sovqat qəbuletmə məntəqəsinin qarşısında dayanıb. Hərəsinin yanında iri zənbillər var. Təcridxana məmuru zənbildəkiləri yoxlayandan sonra məhbusun yaxını soruşur ki, oğlu dəyişəklərini göndəribmi?

– Hə, göndərib, bir dəqiqə. Al, bir də dedi “üst geyimi üçün paltar gətirsin”.

Təcridxana məmuru az qala hər məhbus yaxınına bu sözü deyir, yeməyi, əşyaları alıb çirkli pal-paltarı verir...

Bugünlərdə Kürdəxanıdakı istintaq təcridxanasında saxlanan şair Tofiq Həsənlinin qardaşı Faiq Həsənov AzadlıqRadiosuna deyib ki, maddi çətinliklər ucbatından qardaşının saxlanıldığı təcridxanaya getmək imkanı yoxdur: “Görüşə icazə yoxdur. Amma dəyişək, çay, siqaret, yemək-filan aparmalıyam. Keçən həftədən deyiblər ki, “dəyişək gətirin”, amma apara bilmirəm”.

Təcridxanada və ya cəzaçəkmə müəssisəsində saxlanan məhbus kasıbdırsa və ya heç kimi yoxdusa, onun ən zəruri ehtiyacları – alt və üst dəyişəkləri və digər vacib ləvazimatları kimin hesabına ödənilir?

Buna da bax: Prezidentin gömrük haqda fərmanı işləyəcək?- [Forum]

“Prezidentlərin ad günündə aş verirdilər”

Zaur Qurbanlı həbsdən çıxarkən

Keçmiş məhbus Zaur Qurbanlı AzadlıqRadiosuna müsahibəsində deyir ki, yemək-içmək dövlət hesabınadır:

Həbsdə əksər xərclərimi ailəm ödədi, indi də borc qaytarırıq.

“Gündə iki dəfə yemək və 1 qara çörək verirdilər. Təcridxanada səhər yeməyi verilmir, günorta şorba, axşam quru yemək olurdu. Bir neçə bayramda, İlham Əliyevin, Heydər Əliyevin, Mehriban Əliyevanın ad günlərində aş yeyirdik. “Astra” siqareti verirdilər, amma onu da çəkmək mümkün deyildi. Cəzaçəkmə müəssisəsinə gedəndə döşək, odeyal, döşəkağı, yastıq üzü verdilər. İstəyəndə sabun, paltar yumaq üçün toz, bir də üzqırxan, 3-4 həftədən bir şəkər, yağ verilir”.

Zaur Qurbanlı xatırlayır ki, yanına gəlib- gedəni olmayanlara elə məhbus yoldaşları alt və üst dəyişəklərində yardım ediblər. Zaur Qurbanlı deyir ki, həftəyə azı 100 manat xərci çıxırmış:

“Paltar da alanda məbləğ 200-ə yaxınlaşırdı. Əksər xərclərimi ailəm ödədi, indi də borc qaytarırıq. Üstəlik, üzvü olduğum NİDA hərəkatı, partiyalar, bəzi qurumlar, fərdi şəxslər də kömək edirdi”.

“Türmə yeməyini imkansız məhbuslar yeyir”

Əvəz Zeynallı

Bir neçə il həbsdə yatmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da gördüklərini AzadlıqRadiosu ilə bölüşür:

3 dəfə isti yemək verilməlidir. Verilir, amma onu yemək və o yeməklə yaşamaq mümkün deyil.

“Qanunla məhkuma hər şeyi dövlət verməlidir. Yemək, içmək, geyim, ayaqqabı, corab və s. Bununla bağlı qanunlarımızda gözəl maddələr də var. Amma praktikada bu maddələr işləmir. Sadəcə, yemək hissəsində Penitensiar Xidmət qanuna nisbətən riayət edir... Həm təcridxanada, həm də cəzaçəkmə müəssisələrində məhbuslara gündə 3 dəfə isti yemək verilməlidir. Verilir, amma onu yemək və o yeməklə yaşamaq mümkün deyil. İmkanlı məhbuslar, evindən yanına gələni olanlar o yeməkdən yemirlər. İmkansızlar - yanına kimsə gəlməyənlər yeyirlər. Yəni Penitensiar Xidmətin yeməyi yeyilmir”.

Buna da bax: Gəncədə dindarlarla polis arasında qarşıdurma

“Burada möhtəşəm bir dustaq həmrəyliyi var”

Əvəz Zeynallı deyir ki, imkansız dustaqları məhbus yoldaşları yaşadır:

“Burada möhtəşəm bir dustaq həmrəyliyi var. İmkanlı, ya da belə deyək, yeməyi olan dustaqlar yeməyi olmayanlara kömək edir. Digər tərəfdən, həmin dustaqlar özlərinə yemək bişirirlər. Cəzaçəkmə müəssisəsinin verdiyi yeməklərdə yalnız toyuq ətindən istifadə olunur. Mal əti verilmir. Hətta borşu da toyuq əti ilə bişirirlər. Qanunda mer-meyvə, göy-göyərti, sular və meyvə şirələri nəzərdə tutulsa da, bunlar verilmir. Mən bəzən Penitensiar Xidmətin yeməklərindən istifadə etmişəm. Bəzən - yoxlama gələndən-gələnə normal yeməklər bişirirlər”.

“Pal-paltar üçün müraciət etdim”

Pal-paltara, yataq mələfələrinə gəlincə, Əvəz Zeynallı deyir ki, bir dəfə qanunun necə işləməsini sınaqdan keçirmək istəyib:

“Pal-paltar üçün müraciət etdim. 6 ay cavab vermədilər. Sonra məlum oldu ki, dəstə rəhbəri ərizəmi itirib. Ümumiyyətlə, qanun pal-paltarın ərizə ilə verilməsini istisna edir. Amma rəislər bunu ona görə edirlər ki, dustaqlar arasında ərizə ilə pal-paltar istəyənə yaxşı baxmırlar. 6 aylıq müraciətdən sonra məlum oldu ki, 1-2 cüt corabdan və bir qara keyfiyyətsiz köynəkdən başqa heç nə yoxdur. Amma qanunda yaz, yay, payız, qış geyimlərinin hamısı var. Nə verdilərsə, alıb ehtiyacı olanlara payladım. Bu haqda gündəliklərimdə əhatəli məlumatlar var. Verdikləri corabı bir dəfə belə geyinmək olmaz”.

Müsahibimiz deyir ki, məhbusların əksəriyyəti yorğan-döşəyi belə evindən gətirir: ​

“İmkanı olmayanlara imkanı olanlar kömək edirlər. Təbii ki, qanunda hamı üçün hər fəslə görə pal-paltar nəzərdə tutulur və büdcədən bu iş üçün milyonlarla vəsait ayrılır. Onu isə dustağa sadəcə vermirlər”.

Buna da bax: Məktəbi 4-cü sinfə qədər oxuyanlar

Sahib Məmmədov

“Belə şikayət eşitməmişəm”

Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov deyir ki, illərlə cəzaçəkmə müəssisələrində monitorinq aparıblar, amma onlara yeməyin keyfiyyətindən, pal-paltar verilməməsindən şikayətlənən olmayıb:

9 ildir cəzaçəkmə müəssisələrinə gedib-gəlirəm, mənə çox şikayət olub məhbuslar tərəfindən, amma belə şikayət eşitməmişəm.

“Dünən 2 saylı cəzaçəkmə müəssisəsində olmuşam. Monitorinq keçirmişəm, məhbuslarla görüşmüşəm. Bizim uzunmüddətli təcrübəmiz var. Cəzaçəkmə müəssisələrindəki məhbusların 40 faizdən çoxunun qidalanması müəssisənin hesabınadır. Bu məhbusların qohumları ya uzaqdadır, ya da kasıbdılar, yanlarına çox gəlib-gedilmir. Məhbusun qidalanması, şəhərdaxili telefon danışığı, müalicəsi dövlətin hesabınadır. Geyim məsələsinə gəlincə, insan hüquqlarına hörmət əlaməti olaraq məhbuslara standart geyim verilmir, imkan yaradılıb ki, məhbuslar evdən öz geyimlərini gətirtsinlər. Amma kiminsə belə imkanı yoxdursa, yəqin ki, çılpaq qalmır, ona geyim verilir. 9 ildir cəzaçəkmə müəssisələrinə gedib-gəlirəm, mənə çox şikayət olub məhbuslar tərəfindən, amma belə şikayət eşitməmişəm”.

Sahib Məmmədov deyir ki, yeməklərin keyfiyyətsiz olması ilə bağlı iradları da qəbul etmir:

“Həbsxana otel deyil, restoran deyil. Ola bilsin ki, eyni yeməkləri yemək hansısa məhbusu bezdirir, ev yeməyi yemək istəyir”.

İctimai komitə üzvü əlavə edir ki, geyim və ya digər zəruri ləvazimata ehtiyacı olan məhbus bununla bağlı İctimai Komitəyə müraciət etsin:

"Biz problemin həllinə kömək edərik".

Həbs Yerlərində Saxlanılan Şəxslərin Hüquq və Azadlıqlarının Təmin Edilməsi haqqında qanunda və Cəzaların İcrası Məcəlləsində göstərilir ki, məhbusların yemək və geyimlə təmin olunması dövlət hesabınadır.

Məsələyə Penitensiar Xidmətin də mövqeyini öyrənmək cəhdimiz alınmadı.