44 yeni yoluxma, 1 ölüm

558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son gündə Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb, bir nəfər isə vəfat edib.

Bu barədə bugün, aprelin 24-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 114 min 410 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan edib. Artıq dünyada bu virusa yoluxanlardan 192 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.