478 yoluxma, 7 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 478 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bugün, iyunun 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurum bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfəri müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 4345, ötən müddət ərzində isə ümumilikdə 426 394 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 471 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.