Bazar günü, martın 24-də Ermənistan paytaxtı Yerevanda polis bölməsinə silahlı hücum zamanı iştirakçılardan iki nəfər yaralanıb, bir isə saxlanıb.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, üç şəxs şəhərin şimalındakı Nor Nork rayonunun polis idarəsinə soxulmaq istəyərkən əl qumbarasını işə salıblar. Polis sözçüsü Narek Sarkisyan jurnalistlərə deyib ki, onlardan ikisi partlayış nəticəsində yaralanıb, biri isə binanın kənarında qalıb, başqa qumbara atmaqla hədələyib.
Sarkisyan bildirib ki, iki saat sürən qarşıdurmadan sonra həmin şəxsi təhlükəsizlik qüvvələri "odlu silahdan istifadə edilmədən" zərərsizləşdiriblər. İnsident zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) antiterror dəstəsinin hadisə yerinə gəldiyi görülüb.
İstintaq Komitəsi həmin gün "terrorçuluq" maddəsi ilə cinayət işi açıldığını bildirib. Nə komitə, nə də polis hücum edənlərin motivləri barədə bir söz deyib.
Martın 24-də səhər saatlarında polis baş nazir Nikol Paşinyanın Azərbaycana təhvil verməyi planlaşdırdığı Tavuş vilayətinin sərhəd bölgəsindəki məntəqələrindən birinə səfər etmək istəyən "Döyüş Qardaşlığı" adlı qrupun 49 üzvünü saxlayıb. Onların hamısının bir neçə saat sonra sərbəst buraxıldığı bildirilir. (Azərbaycan səkkiz, Ermənistan da 32 kəndinin ərazilərinin işğal olunduğunu bildirir) Ərazi güzəştinə qəti şəkildə qarşı çıxan "Döyüş Qardaşlığı" Nor Nork insidenti ilə hər hansı əlaqəni tez bir zamanda inkar edib.
Yerevanın gündəlik "Hraparak" qəzetində bu arada yazılıb ki, hücum edən hər üç şəxs qərbyönlü və millətçi qrup olan Milli Demokratik Alyansın (NDA) tərəfdarlarıdır. Nəşr NDA-nın yüksək vəzifəli nümayəndəsinə istinadən bildirib ki, onlardan ikisi 2020-ci ilə aid müharibə veteranlarıdır, digəri isə 44 günlük həmin döyüşlər zamanı bir oğlunu itirib.
NDA liderlərinin 2016-cı ildə ovaxtkı prezident Serj Sarkisyanın istefası tələbi ilə Ermənistanın başqa bir polis idarəsinə basqın edən silahlı qrupun məhbus üzvləri ilə yaxın əlaqələri olduğu bildirilir. Həmin vaxt polis əməkdaşlarını və tibb işçilərini girov götürən 30 silahlı şəxs təhlükəsizlik qüvvələri ilə iki həftə davam edən qarşıdurmadan sonra silahlarını yerə qoymuş, üç polis əməkdaşı ölmüşdü.