Yerevanda Avropa çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb, idmançılar geri dönüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan bayrağı Yerevanda yandırıldığı üçün idmançılar iştirakdan imtina edib geri dönüblər

Azərbaycan Ermənistan vətəndaşını beynəlxalq axtarışa verib

Ermənistan paytaxtı Yerevanda Azərbaycan bayrağını yandırmaqda şübhəli sayılan şəxs bərəsində qiyabi həbs-qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.

Bu barədə aprelin 20-də Baş Prokurorluğun yaydığı məlumatında bildirilir.

Məlumata görə, aprelin 14-də Yerevanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması faktı ilə bağlı cinayət işi açılıb: "Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 ( Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Dövlət bayrağı və ya Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir".

Məlumatda axtarışa verilən şəxsin Ermənistan İctimai Televiziyasının Dizayn studiyasının rəhbəri işləmiş Aram Nikolyan olduğu vurğulanır.

Bu açıqlamaya, hələlik, Ermənistanın rəsmi qurumları və sözügedən şəxsin münasibəti bəlli deyil.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan bayrağının yandırılmasını pisləyən erməni deputat qalmaqalla üzləşdi

+++

Avropa Ağır Atletika Federasiyası (EWF)Yerevanda baş verən hadisə ilə bağlı aprelin 15-də bəyanatla çıxış edib.

"Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin yarışı tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq".

Federasiya Azərbaycan nümayəndə heyətinin Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etdiyini bildirir.

İdman təşkilatı yaydığı bəyanatında baş verənlər kontekstində əlavə tədbirlərin görülməsini nəzərdən keçirəcəyini bildirir.

***

Azərbaycan idmançıları və nümayəndə heyəti Ermənistanı tərk edərək Gürcüstana daxil olub.
Bu barədə Gənclər və İdman Nazirliyindən "Turan" İnformasiya Agentliyinə bildirilib.
Azərbaycan idmançıları aprelin 15-i axşam saatlarında Bakıya çatıb.

***

Aprelin 14-də Ermənistanın paytaxtı Yerevanda Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını onu zala gətirən qızın əlindən alaraq yandırıb.

Bir qədər sonra onun dizayner Aram Nikolyan olduğu aydınlaşıb. AzadlıqRadiosu erməni xidmətinin verdiyi məlumata görə, polis həmin şəxsi saxlayıb və bir neçə saatdan sonra sərbəst buraxılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında baş verən insidenti pisləyib və günahkarların cəzalandırılmasını tələb edib.

"Ermənistanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik. Bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!"-

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün “Twitter” səhifəsində yazıb.

Baş verən hadisəyə Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi də reaksiya verib.

Adı çəkilən qurumların aprelin 15-də yaydığı birgə bəyanatda idmanın siyasiləşdirilməsinin qətiyyən yolverilməz olduğu və artıq Azərbaycan idmançılarının geri dönməsi ilə bağlı qərar qəbul edildiyi bildirilir.

Azərbaycan Ermənistandan idmançılarının təhlükəsiz şəkildə qayıtmasını təmin edilməsini istəyir.

"Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir."-birgə bəyanatda vurğulanır.

Azərbaycanın Baş Prokurorluğu ölkə bayrağının Ermənistanda yandırılması faktı ilə bağlı cinayət işi başlayıb. Bu barədə aprelin 15-də qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda Cinayət Məcəlləsinin "zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması", "qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması" və "Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər" maddələri ilə iş açıldığı bildirilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra üçüncü dəfədir ki, Ermənistanda keçirilən beynəlxalq idman yarışlarında iştirak edir.

2009-cu ildə Azərbaycan cüdoçusu Yerevanda gənclər arasında keçirilən cüdo çempionatının qalibi olub.

2014-cü ildə Azərbaycanın kamandan oxatma komandası Ermənistanda keçirilən yarışlarda iştirak edib.

Ermənistan idmançıları da üç dəfə Azərbaycanda keçirilən idman yarışlarında iştirak ediblər.