Müharibədə atılan mərminin indi partladığı ehtimal edilir

"Smerç" mərmisi

Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 28-yaşlı İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində vəfat etdiyi bildirilir.

Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Vurğulandığına görə, aparılan ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İ.Mikayılovun İkinci Qarabağ müharibəsi zamanı həmin əraziyə düşmüş kasetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.

Bu məlumata, hələlik, İ.Mikayılovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi baş verdi. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etdi. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu müharibə zamanı Azərbaycanın 3 min hərbi qulluqçu, 100 civarında mülki şəxs itirdiyi açıqlanıb. Həmin günlər mülki şəxslərin, əsasən, Gəncə şəhəri, Bərdə və Tərtər ( Yevlaxla qonşudurlar) rayonlarına atılan bombalardan həlak olduğu bildirilmişdi.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.