Martın 4-ü saat 12 radələrində Ziya Bünyadov prospektində Yol polisinin saxladığı sürücünün öldüyü bildirilir.
«Qafqazinfo» saytının xəbərinə görə, həmin şəxs «Nissan» markalı avtomobili idarə edən 1961-ci il təvəllüdlü Əsgər Muradov olub.
Sürücünün qohumu Nurəddin Həsənov sayta bildirib ki, Yol polisi əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub: «Polis ona deyib ki, sən avtoşluq edirsən. Bu da cavabında «sənin atan yaşdayam, mən avtoşluq edənəm?» deyib və bundan sonra aralarında mübahisə olub. Bunları Əsgər müəllim özü qohumumuz Rövşənə zəng edib deyib. Rövşənə deyib ki, polis mənə belə sözlər deyir, maşının açarını almaq istəyir, ürəyim sancır, gəl məni apar. Videodan da görünür, sonra maşının qarşısına keçir və yıxılır. Ekspertizada dedilər ki, infarkt keçirib. Amma onu infarkt səviyyəsinə gətirən var. Əsgər müəllim polislə olan dialoqunu videoya çəkib. Polis görüb ki, öldü, onun telefonunu götürüb hər şeyi siliblər. Onun ürəyi xəstə idi, bu gün (martın 6-da) müalicə üçün İrana gedəcəkdi. O, Rusiya vətəndaşıdır, daim orada yaşayırdı. Oğluna toy etməyə Bakıya gəlmişdi».
N.Həsənov bildirib ki, hadisə barədə televiziya kanallarına yanlış məlumat verilib: «Televiziyada deyiblər ki, guya, sürücünün halı pisləşib, Yol polisi əməkdaşları tibbi yardım göstərib və ölümün qarşısını alıblar. Necə qarşısını alıblar ki, bu gün üç mərasimidir? Həm də o, hadisə yerində vəfat edib, oradan birbaşa morqa aparılıb. Onu bu hala salan Yol polisi əməkdaşının ad-soyadını hələ ki, bilmirik. Nərimanov rayon Dövlət Yol Polisi İdarəsinə məxsus avtomobildə olub. Sabah (martın 7-si ) rəsmi qurumlara şikayət edəcəyik».
Daxili İşlər Nazirliyinin (DİN) Baş Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev bildirib ki, baş vermiş hadisə araşdırılır və bu haqda mətbuata açıqlama veriləcək.