Necə eləyəsən ki, ət xaricdən gətirilməsin, elə Azərbaycanda istehsal olunsun ki, dollar bahalaşanda qiyməti qalxmasın? Necə edəsən ki, ev bazarında bahaçılıq olmasın, insanlar münasib qiymətə mənzil ala bilsinlər. Necə eləyəsən ki, iqtisadiyyat neftdən asılı olmasın, kəndlilər həm özləri əkin-biçinlə dolansın, həm də başqaları üçün iş yeri açsınlar?
Bütün bu sualların cavabı İlham Əliyevin tapşırığı ilə hazırlanmalı olan "Strateji Yol xəritəsi"ndə əksini tapmalıdır. Amma prezident 6 ay vaxt versə də, hökumət hələ də yol xəritəsini hazırlayıb ortaya çıxarmayıb.
Buna da bax: Strateji Yol Xəritəsi bu il qəbul ediləcək
"SƏNƏDİN HƏRƏKƏTİ APARATDA TORMOZLAYIB"
"Strateji yol xəritəsi hansı yolda ilişib?" - iqtisadçı Qubad İbadoğlu öz Facebook hesabında bunu sual edir. Qubad İbadoğlu yazır ki, əvvəlcədən də deyildiyi kimi bu sənədi Prezident Administrasiyasından keçirmək elə də asan olmayacaq:
"Şübhə etmirəm ki, Aparatda ilişib qalan sənədlərin "hərəkətini orda tormozlayan qüvvələrə" yaxın zamanlarda qalib gəlmək mümkün olsun. Yəqin ki, "bu xəmir hələ çox su aparacaq". Bundan da ən çox itirən iqtisadiyyat, biznes və biz istehlakçılar olacaq".
6 AYA HAZILRANMALI OLAN SƏNƏD 2 AYDIR YUBANIR
16 mart 2016-cı ildə İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam verib. Sərəncamda "2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planı", "2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın", "2025-ci ildən sonrakı dövrə hədəf baxışı" layihələrinin altı ay müddətində hazırlanıb, prezidentə təqdim edilməsi göstərilib.
Buna da bax: Yol xəritəsi hansı yolda ilişib?
Bəs, yol xəritəsinin təqdimatı niyə yubanır? Prezident Administrasiyasından məsələni araşdırdıqdan sonra cavablayacaqlarını bildirsələr də, hələ ki cavab yoxdur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bir müddət öncə öz müsahibəsində bildirmişdi ki, Yol Xəritəsinin əhəmiyyəti əsas götürülərək bütün dövlət orqanlarından rəylər alınır. Sənədin ilin sonuna qədər təsdiqi və ictimaiyyətə açıqlanması planlaşdırılır.
Vüsal Qasımlı əlavə edib ki, xəritənin yazılmasında 400 nəfərədək xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, 150-yə qədər görüş keçirilib. Görüşlərdə Nobel mükafatı laureatı Edward Prescott-dan başlamış ölkənin sıravi fermerlərinə qədər çoxlarının fikri öyrənilib.
ABŞ-ın dünya şöhrətli "McKinsey" şirkətinin də cəlb olunduğu bu xəritədə göstərilənləri gerçəkləşdirmək mümkün olacaqmı? Bu xəritə Azərbaycanı böhrandan çıxara biləcəkmi?
BU PLAN O VAXT UĞURLU OLAR Kİ...
2014-ci ilin avqustundan dünya bazarında neft dəyərini itirib. Azı 2 dəfə. Bu da o deməkdir ki, Azərbaycanın gəlirləri azı 2 dəfə azalıb. Neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməli olduğunu həm müstəqil ekspertlər, həm də rəsmilər özləri deyirlər.
Buna da bax: Hökumətin islahat proqramı varmı?
İqtisadçı Azər Mehtiyev belə bir layihənin hazırlanmasını müsbət qiymətləndirir. Amma əlavə edir ki, bunun üçün inhisar, korrupsiya, məmur özbaşınalığı aradan qaldırılmalıdır. Əks halda ciddi bir uğur gözlənilmir:
"8 istiqamət üzrə Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri əsas götürülüb. Amma Azərbaycanda ciddi institusional islahatların aparılmasına ehtiyac var. Çünki ölkədə böhranın yaranmasına tək səbəb neft gəlirlərinin azalması deyil. Neftin ucuzlaşması sadəcə olaraq, bu problemləri üzə çıxardı. Əsas problem idarəetmədəki korrupsiyadır. Bu, aradan qaldırılmalıdır. İkinci ən önəmli problem məmur sahibkarlığı yönündə ölkədə inhisar aradan qaldırılmalıdır ki, rəqabətli və azad sahibkarlıq mühiti formalaşsın".
BÖHRANDAN NECƏ ÇIXMAQ OLAR?
Azər Mehtiyev əlavə edir ki, bütün bunlardan başqa mülkiyyət toxunulmazlığına zəmanət, müstəqil məhkəmə sistemi olmalıdır. Yoxsa, bu sənəd elə də uğurlu olmaya bilər.
Buna da bax: Müxalifət "Yol Xəritəsi" təklif edir
Böhrandan çıxış yolu - bəs, Bakı sakinləri bu haqda nə fikirləşir? Onları dinləyək:
Sizin brauzer HTML5-i dəstəkləmir
Mediada son vaxtlar məhkəmə azadlığı, Avropa bazarına çıxışla bağlı yeni sənədlərin imzalanması haqda xəbərlər yayılır. Bəzi ekspertlər bunların elə strateji yol xəritəsinin icrasına hazırlıq kimi dəyərləndirirlər.